"İnkişaf turniri": Finalçılar məlumdur

12:00 3 İyun 2019

Dünən «Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri»ndə yarımfinal görüşləri keçirildi.

 

Aviasiya Akademiyasının stadionunda baş tutan «Keşlə» «Sabah» oyununda bu mərhələyə «A» qrupunun qalibi kimi çıxmış «Keşlə» 2:0 hesabı ilə qalib gəldi. Nominal meydan sahiblərindən qolları Vaqif Həsənov və Əbil Əbilov vurdular.

 

«AZAL Arena»da keçirilən digər yarımfinal cütündə «Neftçi» «Sabah-2004»ü qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyunda «balacalar» zaman-zaman «Neftçi»yə çətin anlar yaşatsalar da, finala çıxmaq onlara qismət olmadı. Hesabı oyunun əvvəlində Oruc Məmmədovun sayəsində «Neftçi» açdı. Lakin 1-ci hissənin sonlarına doğru «Sabah-2004» Ayxan Allahverdiyevlə hesabda tarazlıq yaratdı.

 

Fasilədən sonra daha çox topa nəzarət edən «Sabah-2004» matçın başa çatmasına az qalmış 10 nəfərlə qaldı. Yelmar Aşurov ikinci sarı ilə meydandan qovuldu. Məhz bundan sonra oyuna nəzarəti ələ keçirən «Neftçi» əsas vaxtda istəyinə çata bilməsə də, əlavə vaxtın 1-ci hissəsində yenə də Oruc Məmmədovla qol vuraraq finala vəsiqəni təmin etdi.

 

Yeri gəlmişkən, qrup mərhələsinin sonuncu turunda «Qarabağ»la oyunda «Neftçi»ni dəstəkləyən «Neftçimaniya» azarkeş qrupu bu dəfə də tribunada idi.

 

Beləliklə, finalda «Keşlə» və «Neftçi» qarşılaşacaq. Oyun iyunun 5-i saat 17:30-da «AZAL Arena»da keçiriləcək. 3-cü yer uğrunda matç isə bir qədər erkən başlayacaq. «Sabah-2004» - «Sabah» görüşü eyni məkanda 11:00-da start götürəcək.

 

Finaldan sonra komandaların mükafatlandırılma mərasimi keçiriləcək. Mərasimdə futbol camiəmizin tanınmış nümayəndələri iştirak edəcəklər.


Xəbər xətti