AZTV Premyer Liqanın yayım hüququnu aldı

13:39 30 İyul 2019

Dünyanın bir nömrəli futbol çempionatı hesab olunan İngiltərə Premyer Liqasının oyunlarını yenidən Azərbaycanda yayımlanacaq. 

 

Sportarena.az xəbər verir ki, yayım hüququnu yenidən AzTV əldə edə bilib. Qarşıdakı mövsümün oyunları yenə də "İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. 

 

Bu barədə məlumatı kanalın direktor müavini Siyavuş Əliyev də təsdiqləyib. S.Əliyev bunun bütün futbol azarkeşləri üçün xoş xəbər olduğunu söyləyib: "İngiltərə Premyer Liqasının müqaviləsi ötən mövsümün sonunda başa çatmışdı. Uzun sürən danışıqlardan sonra yenidən bu oyunların yayım hüququna sahib çıxdıq". 

 

Telekanal rəsmisinin sözlərinə görə, İngiltərə Premyer Liqası ölkə futbol çempionatları arasında qiymətini görə digərlərini üstələyir. O bildirib ki, bu çempionatın oyunlarının yayım hüququnu əldə etmək elə də asan proses deyil: "Qonşu Rusiyanın ən böyük federal kanalı olan Matç TV belə bu çempionatı yayımlaya bilməyəcək. Orada oyunların hüququnu "Rambler.ru" əldə edib. Onlar da oyunları tamaşaçılara yalnız abunə xidmət haqqı ilə çatdırır. Eləcə də qonşu Türkiyədə İngiltərə Premyer Liqası özəl və ödənişli televiziya platformasında yayımlanır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda bu liqanın oyunlarının açıq şəkildə yayımlanması tamaşaçılarımıza böyük töhfədi". 

 

S.Əliyev onu da vurğulayıb ki, ötən illərlə müqayisədə bu dəfə yayımlanacaq oyunların sayı daha çox olacaq: "Əldə edilən razılaşmaya əsasən, oyunlardan əlavə İngiltərə Premyer Liqasına aid xüsusi hazırlanmış jurnalların hamısı da tamaşaçılara çatdırılacaq”.


Digər xəbərlər

Xəbər xətti