Roberto Bordin: "Onlar əsl "Neftçi" azarkeşi deyil"

08:30 20 Avqust 2019

Azərbaycan Premyer Liqasında I turun “Neftçi” – “Sabah” (1:1) matçından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Heç də yaxşı oynamadıq. Məncə, bunlar hamısı beyindən gələn şeylərdi. Avropa Liqasındakı məğlubiyyətdən sonra çalışırdıq ki, komandanı motivasiya edək və bu oyuna hazırlaşdıraq. Ancaq bu alınmadı. Futbolçular öz səviyyələrində oynamadılar. Dəyişikliklər etməyə çalışdıq, ancaq istədiyimizə nail ola bilmədik. Bu oyundan nəticə çıxarmalıyıq. Bu vəziyyətdən birlikdə çıxmalıyıq.

 

- Oyun alınmadı, yoxasa komandadaxili psixoloji vəziyyət yaxşı deyil?
- Deməzdim ki, rəqib qapalı oynayırdı. Boş zonaları var idi. Hansı ki, istifadə edib hücum qura bilərdik. Komandada psixoloji problem yox idi. “Bney Yehuda” ilə Bakıdakı ilk oyunda olan xarakter bu gün olmadı. Mövsümə qələbə ilə başlamaq istəyirdik. Ancaq hələ çempionatın əvvəlidi. Toparlanmaq və qələbələri sıralamaq üçün kifayət qədər vaxtımız var.

 

- Azarkeşlər istefa tələb edirdi...
- Başa düşürəm ki, biz məğlub olsaq, azarkeşlərin istefaya səsləməsini başa düşərəm. Ancaq hesab 0:0 olarkən bir qrup şüarlar səsləndirməyə başlamışdı. Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyil. Əsl fanatlar bizi sona qədər dəstəkləyənlərdi. İstefaya səsləmə belə görünürdü ki, öyrədilmiş bir şeydi.

 

- İkinci ildi burdasız. İndiki komanda sizin istədiyinizdi, yoxsa yenə çatışmazlıqlar var?
- Çempionatın ilk oyunu idi. Xal itirdik. Bu da o deməkdi ki, çatışmazlıqlar var. Bunların üstündə işləməliyik. Futbol sezonuna yaxşı başladıq. Avrokubokda iki mərhələ keçdik, ancaq son oyunda göründü ki, bir qədər eniş var. O, bu matça da təsir etdi. Çalışacağıq ki, bu enişi aradan qaldıraq.

 

- Yəni, görmək istədiyiniz komandadı?
- Nə mənada?

 

- Görmək istədiyiniz komanda bu “Neftçi”di?
- Dediyim kimi, ilk oyununda xal itirmişiksə, deməli, çatışmazlıqlar var. Bu, o deməkdi ki, mən razı qalmadım.

 

- Mətbuat konfransına gec gəlməyinizin səbəbi rəhbərliyin sizinlə söhbəti idi, yoxsa sizin futbolçulara deyəcəkləriniz var idi?
- Klubun mətbuat katibi Rüstəm Allahverdiyev: Rəhbərlik və komandanın baş məşqçisi futbolçularla söhbət edirdi.

Roberto Bordin: Gözlətdiyimə görə üzrlü sayın.

 

- Komandanı belə vəziyyətdən çıxarmaq üçün ilk növbədə nə etməlisiz?
- Oyunu analiz etməliyik. Səhvlərə baxmalıyıq. Bundan əlavə, komandada emosional reaksiya yox idi. Bunun analizlə əlaqəsi yox idi. əvvəlki matçın təsiri var. Bu vəziyyətdən çıxılacaq. Həftəboyu həm fiziki, həm psixoloji cəhətdən komanda ilə işləmək lazımdı.

 

- Komandada ab-hava çox yüksək idi, ancaq İsraildəki oyundan başlayaraq emosional durum yerində deyil. Belə sönüklüyün əsas səbəbi nədi?
- Mən də uzun illər futbol oynamışam, neçə ildi idmandayam. Bəzən işlər istədiyin kimi getməyəndə və təzyiq olanda yaxşı nəsə etmək istəsən də alınmır. Bizdə də təzyiq var. Hətta "Bney Yehuda" ilə oyunda da ilk qola vaxtında reaksiya verə bilmədik. Konsentrasiya itkisi yaşayırıq.

 

- Futbol səbəbləridi də, əlavə səbəblər yoxdu ki?
- Biz hamımız qələbə üçün çalışırıq. İnanmıram ki, futboldankənar nələrsə təsir etsin.


Digər xəbərlər

Xəbər xətti