“Göz yaşlarımı saxlaya bilməmişdim” - Qurban Qurbanov

10:34 30 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsində “Linfild”ə səfərdə 2:3 məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıdakı 2:1 hesablı qələbə hesabına qrup mərhələsinə yüksəldikdən sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

 

"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Düşünürdüm ki, APOEL-lə oyundan sonra bizdən inciyiblər. Lakin yanımızda oldular. Futbolçularımızı təbrik edirəm. Avrokuboklardakı bütün mövsümləri götürsək, bu il ən çox qol epizodu yaratmışıq. Bu da özlüyündə bir uğurdu. İndi püşkatmanı gözləməliyik. Bugünkü rəqib də göstərdi ki, Avropada zəif komanda yoxdu. Futbolçularımız intizamlı oynadı. Son dəqiqədəki qol planlarımıza daxil deyildi.  Psixoloji cəhətdən futbolçuları nə qədər hazırlasaq da, gərginlik var idi. Rəqib haqda yalnız pozitiv fikirlər söyləyə bilərəm. Onlar hər bir mübarizədən həzz alırdılar. “Linfild”ə qarşıdakı oyunlarda uğurlar arzu edirəm".

 

- Bugünkü oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə idi?

- Hər bir oyunun əhəmiyyəti həddən artıq çoxdu. Bilmirəm, bu sualı 100-cü oyunum olduğu üçün verdiniz, yoxsa bu rəqib üzərində qələbənin gözlənildiyi üçün, amma mənim üçün bundan sonrakı hər bir oyun da olduqca əhəmiyyətli olacaq.

 

- Hayme mərkəzdə qərarlaşmışdı. Oyunundan razı qaldınız?

- Bəli, taktiki dəyişiklik etmişdik. Oyunundan razı qaldım. Bəzən müdafiədə boşluqlar verirdi, amma bütövlükdə razı qaldım.

 

- Ardıcıl 6-cı dəfə qrupdasınız. İlk dəfə qrupa düşməyinizi xatırlayırsınız?

- Çox yaxşı xatırlayıram. İlk dəfə göz yaşlarımı saxlaya bilməmişdim. Əlbəttə, istənilən ilk daha ləzzətli olur. Amma bugünkü məsuliyyət daha çox idi. Çünki komandadan ÇL gözləyirlər, AL-in qrupu da olmasa, pis qarşılanar.

 

- Transfer bazarında yaxın planlarınız?

- Transfer həyata keçirmək çətindi. Xüsusilə, bizə. Çünki yaradıcı futbolçular axtarırıq. İstənilən halda, etdiyimiz transferlərdən razıyıq. Çünki futbolçumuzda hansısa keyfiyyət çatmasa da, digəri ilə kompensasiya edirlər. Hazırda bir neçə futbolçuyla danışıqlarımız gedir.

 

- Qeyd etdiniz ki, minimum hədəf Avropa Liqasının qrupuna düşmək idi. Bu vəzifəni yerinə yetirdiniz. Bəs qrup mərhələsində minimum hədəf nə olacaq?

- Sabah püşkatmadan sonra minimal hədəflər barədə danışa bilərəm.


Digər xəbərlər

Xəbər xətti