Rövnəq Abdullayev: "Klublarımız Avropa Liqasını bizim üçün doğmalaşdırıb"

18:21 30 Avqust 2019

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az-a açıqlama verib: 
 

Sportarena.az xəbər verir ki, federasiya prezindeti "Qarabağ" klubunu təbrik edib:

 

“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm. Ardıcıl 6-cı dəfədir ki – bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır.

 

İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir.

 

Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq.

 

Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında altı deyil, daha çox oyun keçirməsini arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti