“Qarabağ” – “Neftçi” matçı 51 manata? - RƏSMİ AÇIQLAMA

11:41 10 Sentyabr 2019

Bu həftə Premyer Liqa tarixinin ən bahalı biletləri satışa çıxacaq. Sentyabrın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Neftçi” matçını izləmək istəyənlər 51 manatından keçməli olacaq.

 

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu oyun ərəfəsində satışa çıxaracağı biletlərə belə qiymət qoyub. Həmişə 1-2 manat olan biletlərin belə bahaya satılması rəqiblə bağlıdı.
 

Ötən mövsümün son turunda “Neftçi” “Qarabağ” azarkeşlərini “Bakcell Arena”dan kənar saxlamaq üçün gözlənilmədən 50 manatlıq biletləri satışa çıxarmışdı. Ağdamlılar çempionluq kubokunu bu oyundan sonra, əzəli rəqibin meydanında qaldıracağından paytaxt klubu onların bayramını korlamaq, tribunaları boş qoymaq istəyirdi.
 

“Qarabağ” tərəfi mayın 11-dəki oyunda dəstəksiz qalmamaq üçün rəqibin həmləsinə eyni üsulla cavab verdi. Bütün futbolçular maaş və mükafatlarından 1500-2000 manat aralığında ayıraraq büdcə yaratdı, həmin pulla 700 azarkeş üçün bilet təşkil edildi. Beləliklə, “Neftçi”nin büdcəsinə 35 min manat vəsait getdi, “Qarabağ” isə prinsipiallığı artan son matçda da qələbə qazanıb çempionluğunu “Bakcell Arena”da, azarkeşləri ilə birgə qeyd etdi.
 

Bu həftə baş tutacaq 4-cü tur matçının biletlərinin 51 manat olması məhz həmin olayların cavabıdı. 

 

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələ ilə bağlı “Qafqazinfo”ya bunları deyib: “Hələ ki, matçın biletlərin qiyməti dəqiq deyil. Yaxın günlərdə buna aydınlıq gələcək”.


Xəbər xətti