Fariz Nəcəfov: "AFFA bizə sponsor tapsa, çox sevinərdim" - MÜSAHİBƏ

08:19 22 Sentyabr 2019

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Premyer Liqanın V turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az klub rəsmisinin müsahibəsini təqdim edir:

 

- Son iki oyunda tamam fərqli "Qəbələ" görürük. Bunu nə ilə əlaqələndirirsiz?

- Bunu akademiyamızın yetirmələri, gənc futbolçuların özlərini göstərmək istəməsi ilə əlaqələndirirəm. Burada fərqli nəsə yoxdur. Sənan Qurbanovun vaxtında olan komandadır. Eyni məşqlər, eyni legionerlərdir. Ab-havanı dəyişib, özünəinamı qaytara bilmişik.

 

- Futbolçular meydanda daha istəkli görünürlər...

- Yenə deyirəm, bu, inam məsələsidir. Bundan əvvəlki oyundan etibarən bunu hiss etdik.

 

- Ola bilərmi ki, Sənan Qurbanov həmin inamı komandada yarada bilməyib? Yoxsa futbolçular onun vaxtında oynamaq istəmirdilər?

- Xeyr, oynamamaq məsələsi yoxdur. Biz bir ailə kimiyik. Görünən odur ki, Avroliqada ardıcıl məğlubiyyətlər komandaya mənfi təsir göstərmişdi. Bəli, ola bilər, Sənan müəllim inamı bərpa edə bilmədi. Şükürlər olsun, artıq hərşey qaydasındadır. Bunu qorumaq lazımdır.

 

- "Qəbələ" artıq öz oyununu tapıb?

- Sevindirici haldır ki, komandanın əsas hissəsi akademiyamızın yetirmələrindən ibarətdir və bu cür oyun göstərə bilirik. Qolları da öz yetirmələrimiz vurur. Bu, məni sevindirir. İnanıram ki, bu istək olduğu müddətcə komanda qələbə qazanacaq. Artıq kollektiv oyun göstərə bilir, nəsə bacarır.

 

- Bildiyimiz qədərilə, ölkə xaricində də baş məşqçi axtarışlarınızı davam etdirirsiz. Bu barədə nə deyə bilərsiz?

- Namizədlər həddindən artıq çoxdur. Həm Azərbaycandan, həm də ölkə xaricindən. Ancaq hələ qərar verməyə tələsmirik.

 

- Fəxri prezident əcnəbi baş məşqçinin gəlişinə razılıq verib?

- Xeyr, bu məsələ Tale müəllimlə müzakirə olunmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi hələ gündəmdə deyil.

 

- Komanda bu templə davam etsə, Elmar Baxşıyevin baş məşqçiliyi təsdiqlənə bilər?

- Variant kimi var. Lakin yenə deyirəm, başqa məsələlər olduğu üçün hələ baş məşqçi müzakirə olunmur.

 

- AFFA-nın "Qəbələ"yə sponsor tapması haqda məlumat eşitmişik. Bu, nə dərəcədə doğrudur?

- Çox sevinərdim. Amma ilk dəfə sizdən eşidirəm. (sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti