Televiziyalarda hansı idman verilişləri olacaq? – SORĞU

14:28 22 Sentyabr 2019

Ölkədə futbol mövsümü avqustda start götürsə də, televiziya kanallarında yeni efir ili sentyabrdan başlayır. Bəs idmansevərlər "mavi ekran"da hansı yenilikləri görə biləcək? Televiziyaların idman bölmələrinin əməkdaşları ilə danışdıq...
 


Ötən mövsüm “İctimai” TV idman yarışlarına diqqət göstərməsi ilə gündəmdə idi. Kanalın İdman Departamentinin direktoru Kənan Hakimov “Bol İdman”ın efirinin davam edəcəyini və mümkün olarsa, hansısa yarışların yayım hüququna yiyələnməyə çalışacaqlarını söylədi:
 
“Bol İdman” verilişi hər həftənin bazar ertəsi saat 22:00-da efirə gedəcək. Saatı dəyişib, əvvəl 19:45-də idi. Güləş üzrə dünya çempionatını veririk, axıra kimi də davam edəcəyik. Bu, ayın 22-nə kimi gedəcək. Gələn həftənin birinci günü FIFA-nın “The Best” tədbiri olacaq. Onun ilk 10 dəqiqəsi TV-də canlı yayımlanacaq, daha sonra saytımızda canlı yayım təqdim olunacaq. Günorta isə təkrarını verməyi düşünürük. Yaxın planda bunlardı. Başqa da, imkan daxilində çalışacağıq ki, ötən mövsüm olduğu kimi bəzi turnirlərin yayım hüququna yiyələnək”.
 
“Real” TV-də “Real İntervyu” davam edəcək və bəzi yeni layihələr də var. Kanalın əməkdaşı Mehman Rəsulov belə deyir:
 
“Telekanal açılan gündən həftədə azı bir dəfə idmana həsr olunmuş “Real İntervyu” efirə gedir. Təxminən 23-25 dəqiqə davam edən verilişdə aktual mövzulara toxunuruq. Efirimiz birmənalı olaraq gündəmlə ayaqlaşır. Gündəmdə nədisə ona uyğun qonaq dəvət edirik. Bu, jurnalist də ola bilər, federasiya rəsmisi də, idmançı da... Yeni mövsümdə bunu davam etdirəcəyik. Həftədə azı bir dəfə “Real İntervyu” efirə gedəcək. Hər hansı mötəbər yarış olarsa, onunla bağlı xüsusi buraxılışlar da verəcəyik. Ola bilər ki, 5 gün yarış davam edər və hər gün bizim verilişi hazırlamağımız mümkündü. Bizdə “pleylist” canlı xəbərə tabedi. Hər hansı mühüm idman hadisəsi varsa, verilişlərimizin sayını ona uyğun artıra bilirik. Yeni layihələr də var. Sadəcə, indidən açıqlamaq istəmirəm, yaxın zamanda onları da görə biləcəksiz”.

“ARB 24”-ün İdman Departamentinin rəhbəri Namiq Abbasov buyaxınlarda yeni idman verilişinin efirə gedəcəyini bildirdi:

“Bizdə idmanla bağlı yeni verilişin açılması plandadı və bu istiqamətdə işlər müvəffəqiyyətlə gedir. Veriliş “Biznes Sport” adlanacaq. Burda təkcə fubol deyil, idmanın digər sahələri də əhatə olunacaq. Kanalımızın özəlliyi ondadı ki, idmanın sırf biznes tərəfinə diqqət yetiririk, maliyyə cəhətlərini araşdırırıq və çalışırıq ki, ortaya ətaflı, maraqlı bir iş çıxaraq. “Biznes Sport”a qədər bizdə “Futbolda” gedirdi efirə. Orda da istiqamət oxşar idi, ancaq indi sahəni daha ətraflı əks etdirməyə çalışacağıq. Kollektivimiz o qədər geniş olmasa da, idmanı diqqətdə saxlayırıq. Xüsusilə də, maliyyə tərəflərini. Əməkdaşlarımız bu sahədə daim inkişafdadılar və çalışırlar ki, rəhbərlik tərəfindən qoyulan tapşırıqları yerinə yetirsinlər. İşimiz də pis getmir. Burda vacib məqamlardan biri odu ki, idman tədbirlərini diqqətdən qaçırmırıq. Hazırda gimnastika üzrə dünya çempionatı keçirilir və əməkdaşlarımız həmin yarışı ətraflı işıqlandırır. Daxili futbola gəlincə, ARB kanalı Premyer Liqanı da diqqətdən kənar saxlamır. Elə “Qarabağ”la “Neftçi”nin son matçında kollektiv şəkildə iştirak etmişik. Bundan başqa, klublarımızın, milli komandaların beynəlxalq oyunlarında da kanalımız təmsil olunur. Düzdü, həmin görüşlərin və daxili çempionatın çəkiliş hüququ digər televiziyaya məxsusdu, ancaq biz də mütəmadi olaraq mətbuat konfranslarında iştirak edirik və məlumatları bizi isləyən auditoriyaya çatdırırıq. Bacardığımızı namayiş etdirməyə çalışırıq”.
 
“Xəzər” TV-nin sevilən “Futbol Saatı” verilişi bağlanmaq təhlükəsi ilə üz-üzədi. Buna səbəb sponsor tapılmamasıdı. Verilişin aparıcısı Sənan Abdullayev “Futbol Saatı”nın efirə getmək şansının aşağı olduğunu deyir:
 
“Düzü, bu məsələdə hansısa yenilik yoxdu. Oktyabra qədər aydınlıq gəlməlidi. Vaxtın dəyişdirilməsinə isti baxmıram. Bazar ertəsi ideal gündü. Sponsor tapmalıyıq. Əks halda, veriliş efirə getməyəcək. İki şirkətlə danışırıq. Bu gün üçün açıq deyim ki, verilişin efirə çıxması baxımından şanslar aşağıdı”.
 
“Lider” TV bu mövsümdən yeni idman verilişinə start verib. Kanalın əməkdaşı Rövşən Əhlimanoğlunu dinləyək:
 
“Yeni mövsümə yeni layihələrlə start verən “Lider” Televiziyasında idmana da xüsusi diqqət ayrılıb. Tamaşaçılar hər bazar ertəsi telekanalın efirində “Arena” verilişini izləyə biləcəklər. Dünəndən buna start verdik. Verilişin əsas məqsədi Azərbaycanda və xaricdə keçirilən idman yarışlarının, birbaşa və ya dolayısıyla ölkə gündəminə təsir edən, yerli ictimaiyyət üçün maraqlı olan nəticələr barədə müzakirələr aparmaq, ölkə idmanını təbliğ etməkdi. Qarşıya qoyulan hədəflərdən biri də dövlətin idmana göstərdiyi diqqət və qayğını nümayiş etdirməkdi. Bu səbəbdən hər buraxılışda müxtəlif idman obyektlərinin son durumu ilə bağlı reportajlar tamaşaçılara təqdim ediləcək. Yaxın keçmişə qədər kanalın efirində idman verilişi olub. Lakin müəyyən səbəblərdən daha sonra yayımlanmayıb. Bu gün Azərbaycanın idman ölkəsi olmasını nəzərə alsaq, yalnız idman kanallarında deyil, ictimai-siyasi yüklü kanallarda da idman verilişinin olması təqdirə layiqdi. Verilişdən əlavə, gün ərzində efirə gedən xəbər buraxılışlarında isə tamaşaçılar ölkə və dünya idmanında baş verən ən son hadisələrdən xəbər tuta biləcəklər. Təbii ki, bu işlərin ərsəyə gəlməsində böyük bir kollektiv çalışır. Və inanırıq ki, öz işimizlə idmansevərlərin qəlbinə yol tapa biləcəyik. Yeni mövsümdə digər kanallarda çalışan həmkarlara da uğurlar arzu edirik!”
 
ATV-nin idman xəbərləri aparıcısı Sənan Şəfizadə isə futbol mövzulu verilişlər üçün sponsor tapmağın çətinliyini dilə gətirdi. Bununla belə, kanalda idman verilişi olacaq:

“ATV-də mütəmadi olaraq belə verilişlər olub. Maraq üçün deyim ki, 2005-2008-ci illər aralığında “ATV Sport” efirə gedib. 40 dəqiqəlik verilişdə çox qalmaqallı mövzular qaldırmışıq. Daha sonra ATV-də Avropa və dünya çempionatları, Olimpiya Oyunları ilə bağlı icmallar var. Hazırda idmanla bağlı 2017-ci ildən yayımlanan “İdman Gimnastikadan Başlayır” verilişi var. Ayda iki dəfə yayımlanır və yarım saat ərzində gimnastika ilə bağlı xəbərləri efirə veririk. Yeni mövsümdə idman verilişinin olub-olmayacağını indi dəqiq deyə bilməyəcəm. Çünki müzakirələr gedir. Əsas məsələlərdən biri odu ki, verilişlərə sponsor cəlb olunmalıdı. Efir proqramında verilişə yer ayrılması üçün ən vacib amil budu. Yerli futbol mövzusunda verilişin olmasını müzakirə edirik. Daha doğrusu, iki variant var. Biri futbol, digəri ümumi idmanla bağlı həftəlik veriliş. Hazırda müzakirə səviyyəsindədi. Televiziyada yeni mövsüm başlayıb, ancaq bəzi layihələr oktyabrdan efirə getməyə başlayır. Bəlkə, ilin sonunda alınacaq, bəlkə gələn il, konkret bir söz deməyə çətinlik çəkirəm. Açıq danışaq, təkcə bizdə deyil, digər özəl kanallarda da əsas reytinq götürülür. İdman verilişləri isə kütləvi izlənmir, böyük reytinq toplamır, reytinq 3-ü keçmir. “Qarabağ”ın və milli komandanın oyunlarını çıxsaq, digər futbol matçları da bunu edə bilmir. Ona görə də özəl kanallarda sponsorsuz hər hansı verilişi ərsəyə gətirmək çətindi. Sponsorlar isə maraqlıdı ki, veriliş gündəlik çıxsın efirə. Ancaq idman verilişləri adətən həftəlik olur və bu mənada sponsorların diqqətini çəkməkdə çətinlik çəkirik. Doğrusu, milli çempionatımıza maraq yoxdu. Əgər Premyer Liqa üçün sponsor tapılmırsa, biz verilişə hardan tapaq?! Avropa çempionatı, dünya çempionatı ilə bağlı icmal verilişləridə sponsorların növbəsi var. Ancaq milli çempionatla bağlı hansısa layihəyə sponsor tapmaq çətindi. Onlar bizə deyirlər ki, milli çempionata maraq, baxış sayı azdı. Təəssüf ki, Azərbaycan çempionatı az sayda azarkeşə, futbolçulara, onların qohumlarına və idman jurnalistlərinə maraqlıdı. Reallıq budu. Bütün Azərbaycan kanallarında idman verilişləri 3 reytinqi keçmir. Hansısa şou verilişində bu, 13-15-di. Qeyd etdiyim kimi, ideyalarımız var, ancaq reallaşma sual altındadı. AVRO-2020 ilə bağlı da layihə etmək istəyirik, ancaq bu da dəqiq deyil. Hər şey sponsordan asılıdı”.
 
“Space” TV-nin İdman Proqramları Şöbəsinin müdiri Tural Xudiyev bir verilişin dəqiq olduğunu, digər layihələrlə bağlı sponsorlarla danışıq apardıqlarını söylədi:

“Yarandığı gündən “Space”in efirində idman verilişləri olub. Vaxtilə teleməkanın ən maraqlı layihələrindən sayılan “Sport Line” və “Sport Line+” məhz bizim televiziyanın məhsulu idi. Son illərdə də bu tendensiya davam edir. Buna misal üçün “Qol” və “İdman Hamı Üçün” verilişlərini qeyd edə bilərik. Bu mövsüm də, səhər və axşam efirində, gündəlik idman xəbərləri ilə yanaşı, həftəlik “İdman Hamı Üçün” verilişi efirdə olacaq. Yeni layihələrimiz də var. Sponsorlara təqdim eləmişik. Müsbət cavab alsaq, maraqlı verilişlər ərsəyə gətirmək imkanımız var. Təəssüf ki, sponsorlar idman mövzusuna ciddi maraq göstərmirlər”.
 
Daxili yarışların və milli komandaların oyunlarının yayımçısı “CBC Sport” kontent zənginliyi ilə diqqət çəkir. “Sürprizlər kanalı”nın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli bildirdi ki, yeni mövsümdə də izləyicilərə sürpriz etməyə hazırlaşırlar:
 
“Bizim kontentimiz, yəni təqdim etdiyimiz məhsul o qədər boldu ki, bəzən hətta “yayım toru”nu bölüşdürməyə çətinlik çəkirik. Şübhəsiz ki, Premyer Liqa prioritetdi. Azərbaycan futbolu və Azərbaycan idmanı ilk növbədədi. Bundan sonra Çempionlar Liqası, Avropa Liqası, İtaliya və İspaniya çempionatları gəlir. Cüdo bizim gündəmimizdədi. Mövsüm ərzində demək olar ki, bütün yarışları yayımlayırıq. Bundan başqa, futzal üzrə Azərbaycan çempionatı geniş yayımımızdadı. Ancaq təbii ki, oyunlar keyfiyyətli yayım üçün şərait olan arenalarda keçirilirsə. Ötən illə müqayisədə təqdim etdiyimiz məhsulda ciddi fərq yoxdu. Ancaq daha geniş yayımlamağa başlamışıq. Məsələn, bütün Premyer Liqa matçlarından əvvəl və sonra, tur bitdikdən dərhal sonra yarım saat, bir saatlıq canlı efirimiz olur. Təbii ki, burda oyunların vaxtı önəmlidi. Əgər ikisi ard-ardadısa, biz birincidən əvvəl efirə çıxırıq, ikincidən öncə bu, mümkün olmur.

Yeniliklərə gəlincə, milli komandanın və “Qarabağ”ın avrokuboklardakı bütün səfər oyunlarınnı yerindən şərh edirik. “Neftçi”nin Avropa Liqası matçlarında da bunu həyata keçirdik. Çempionlar Liqası və Avropa Liqasının final matçlarının yerindən şərhi gündəmdədi. Əgər turnir əhəmiyyəti böyük olan yarımfinal və ¼ final qarşılaşmalarında da bunu etmək mümkündü. Həmçinin, U-21 millisinin Avropa çempionatının seçmə mərhələsindəki bütün oyunlarının yayım hüququna malikik. Bura səfər oyunları da daxildi. Ancaq elə ölkələr var ki, orda bir kamera ilə internet yayımı həyata keçirilir və bu, bizim yayım keyfiyyətimizə uyğun gəlmir, digər hallarda isə yayımlamağa çalışırıq.

Studiya verilişlərimizin sayı artıb. Həm Çempionlar Liqası, həm Avropa Liqası ilə bağlı verilişlərimiz var idi, bu mövsüm də davam edir. Bundan əlavə, İtaliya və İspaniya çempionatları ilə əlaqədar verilişlərimiz olacaq. Bunlar oktyabrdan efirə çıxacaq. Digər idman növlərinə aid xüsusi həftəlik verilişimiz olacaq. “Start” efirə qayıdıb. Bir illik fasilədən sonra Səmra Əliyeva hər gün səhər efirdədi. Bu, böyük ölçüdə Azərbaycan futboluna aid verilişdi. Matçdan öncə və sonrakı efirləri nəzərə almasaq, Azərbaycan futboluna aid iki tematik verilişimiz də var: “Bizim Futbol” və “3-cü Hissə”. “Bizim Futbol” bazar ertəsi efirə gedir və həftənin önə çıxan insanları ilə müsahibə formatındadı və təbii ki, çempionatla bağlı da müzakirələr aparılır. Cümə axşamları isə Gündüz Abbaszadə ilə Elnur Məmmədlin “Üçüncü Hissə”də bir və ya iki qonaqla ölkə futbolunda önə çıxan hadisələri müzakirə edirlər. İtaliya və İspaniya çempionatlarına aid həftədə 3 jurnal səsləndiririk. ÇL və AL jurnalları da öz yerində. Bu turnirlərin oyunlarından sonra gecə hər birinin icmalı təqdim olunacaq. Həbib – Porye döyüşü ilə UFC yayımlarımızı bərpa etdik.

Çox maraqlı bir ideyamız, planımız da var. Ancaq mən reallaşmamış səsləndirməyə çəkinirəm. Göz dəyməsin deyə (gülür). Bir az gözləyək, yenilikdi, indiyə qədər edilməmiş bir şeydi, azarkeşlər üçün çox maraqlı olacaq. Alınsın deyəcəyik. İzləyiciləri belə bir sürpriz gözləyir. Azərbaycan futbolu iləmi bağlıdı? Mənə elə gəlir ki, bununla əlaqəli maksimum sürpriz etmək imkanımız yoxdu, nə varsa hamısını göstəririk deyə, nəsə yenilik etmək çətin məsələdi. Dünya futbolu ilə bağlıdı. Hələ ki, üzərində iş gedir. Təsdiqlənəndən sonra açıqlamaq daha yaxşı olar. Birdən alınmaz, indidən söz verib, aldatmış kimi olmayaq.

Əməkdaşlarımızın 1-2 yeni layihəsi də var. Bunlar Azərbaycan futbolu ilə bağlıdı. Onların üzərində müzakirələr gedir, tam optimallaşdırdıqdan sonra efirə buraxılacaqlar. Əlavə olaraq, Azərbaycan çempionatının oyunlarının icmalından ibarət yarım saatlıq jurnal yayımlayırıq. Xəbərlər xidmətində həftədə bir dəfə xüsusi buraxılışlar olur. 3-cü günlər gedən həmin buraxılışda 99 faizi Azərbaycan idmanına aiddi və futbol daha çox paya malikdi. Milli komandaların oyunlarından əvvəl bizim canlı efirlərmiz olur. Çalışırıq ki, bunu stadiondan edək. Gündəlik 6-7 xəbər buraxılışmız olur. Burda da Azərbaycan idmanı və futbolu ön plandadı”. (futbolpress.az)


Digər xəbərlər

Xəbər xətti