“Çörəyin qiyməti 50 qəpikdi, onlar hesabatda 1 manat 50 qəpik yazırdı” - MÜSAHİBƏ

12:17 30 Noyabr 2019

2017-ci ildə Mikayıl Nərimanoğlunun “Kəpəz”in Müşahidə Şurasından geri çağırılması Azərbaycan futbolunda qalmaqallı hadisə kimi yadda qaldı. Maliyyə pozuntularına görə AFFA tərəfindən geri çağırılan sabiq klub rəsmisinin həmin vaxt orada icraçı direktor kimi çalışan Cabir İbrahimovla problemi də mətbuatın diqqət mərkəzində idi.Baş katib Elxan Məmmədov da müsahibəsində “Kəpəz”də maddi pozuntuların olduğunu təsdiqləmişdi.

 

Sportarena.az xəbər verir ki, İbrahimov futbolinfo.az saytına müsahibəsində də həmin dönəmlərdən danışıb. O, klubda baş verənlərə aydınlıq gətirib:

 

- İndi nə işlə məşğulsuz?

- Demək olar, boşam. Kiçik bizneslə.

- Futbol sahəsinə necə düşmüşdüz?

- İnfrastruktur üzrə mütəxəssis kimi gəlmişdim. Gəncə stadionunda işləməliydim. Məlum məsələlərdən və Mehman Allahverdiyev “Kəpəz”dən ayrılandan sonra şəhər rəhbərliyi tərəfindən məsləhət oldu, icraçı direktor olmağım təklif edildi, qəbul etdim.

- Futbolda qəfil peyda olmağınız da qəribə oldu...

- İş üçün özüm müraciət etmişdim. İdmançı cavan kadr idim. Stadionla bağlı iş olduğu üçün məni bura göndərdilər. İdman sahəm olduğundan belə məsləhət bildilər. İdarəçiliyi bacardığım üçün 2016-cı ilin yanvarında məni infrastruktur üzrə mütəxəssis təyin etdilər.

- Sonra icraçı direktor olduz.

- Hə. Həmin ilin sentyabrında.

- Düz bir il sonra isə ölkə futboluna səs-küy salan hadisələr baş verdi. Siz Gəncə klubundakı maliyyə maxinasiyalarının üzə çıxmasının səbəbkarı olduz...

- Əslində, hər şeyi artıq təyinatımdan qısa müddət sonra gördüm. 2 ay sonra – noyabrda Mikayıl Nərimanoğlu ilə ilk ciddi münaqişəmiz oldu. “Kəpəz”in Müşahidə Şurasının sədrinin müavini kimi əsas idarəçi olan bu şəxs AFFA-nın maraqlarını təmin edirdi. Bu qurumdan göndərilmişdi və əsas idarəçi idi.

- Münaqişəyə səbəb nə idi?

- Həm gəncəli, həm də bir idmançı kimi “Kəpəz”ə ürəyim yanırdı. İlk öncə klub işçilərinin durumunu düzəltmək üçün cəhd etdim. Normal büdcə var idi, lakin məşqçilərə, klub işçilərinə layiq olduqları dəyər verilmirdi. Onlara çox kiçik məbləğdə əməkhaqqı verilirdi. Ekipirovkalarla, qidalanmayla bağlı ciddi çatışmazlıqlar var idi. Maliyyə məsələlərində də əyriliklər göz deşirdi, sənədlər stolumun üstündən keçirdi, görürdüm. Məndən əvvəl də olmuşdu, mənim dövrümdə də var idi. Hamısı da Mikayıl müəllimin təzyiqi ilə reallaşırdı. Hadisələr böyüyəndən sonra klubun mühasibi Mənsurə Məmmədova müsahibəsində demişdi ki, Nərimanoğlundan xəbərsiz heç bir iş görməmişəm. Mikayıl müəllimə dəfələrlə irad bildirmişəm, o isə deyirdi ki, bizdə sistem belədir. Ümumi AFFA sistemi bu cür işləyir, rəhbərliyin hər şeydən xəbəri var. Biz məsələləri ictimailəşdirdik, qanunsuz olduğu aydınlaşdı, kimlərsə cəzalandı. AFFA-da, bu qurumun nəzarətindəki klublarda isə eyni proseslər hələ də davam edir və tədbir görən yoxdu.

- Konkret nə?

- Bir çox məbləğlər var idi ki, şişirdilmiş halda yazılırdı. Pullar təyinatı üzrə xərclənmirdi, olmayan xərclər qondarılırdı. Çörəyin qiyməti 50 qəpikdi, bunu hamı bilir, amma onların hesabatında 1 manat 50 qəpik yazılırdı. O tək Nərimanoğlunun günahı deyildi. Mən məsələnin üstünü açdım, danışdım, problemdən xəbərdar oldular. AFFA-nın baş katibi Elxan Məmmədov lazım olan şəxsləri təftişə göndərdi, hər şey dəqiqləşdi, hansısa yollarla qanunsuzluqların üstü açıldı, əyintiləri tapdılar. Bəs, maraqlıdı, AFFA-dan daha öncə gələn audit yoxlamaları hara baxırmış, niyə eyni şeyləri üzə çıxarmırdılar? Bunlar 10-15 ildir bu sahədədilər, niyə mənim şikayətimə kimi hər şeyə göz yumurmuşlar? Nə olsun ki, klub rəsmiləri qol çəkib, axı, siz dəqiq baxmalısız... Maddi maraqmı var?


Xəbər xətti