Qurban Qurbanov: "Birdən-birə böyük dəyişiklik etmək risk olar"

07:21 13 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda Lüksemburqun “Düdelanj” klubu ilə heç-heçə edən (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azından bərabərliklə bitirə bildik. Çətin də olsa, məğlub olmadıq.

 

- Qol buraxandan sonra “Qarabağ” daha istəkli oldu. Əvvəldən niyə belə həvəs yox idi?
- Rəqib fərqli sistemdə oynayırdı. Hər hansı komanda pressinq etmək istəyirsə, bu ilk hissədə daha yaxşı olunur. Fasilədən sonra pis başlamadıq. Ancaq düşünmədiyimiz qırmızı vərəqə oldu. İstək siz deyildik. Ancaq ümumən komandada belə ab-hava var idi ki, APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi. Belədə onları oyunlara kökləmək asan deyildi. Bu gün komanda ilk dəqiqələrdən istəkli idi. Ancaq rəqibi də nəzərə almaq lazımdı ki, nə qədər oynamaq imkanı verirlər. Qol buraxanda da 10 nəfərlə idik. Bundan sonra başqa çıxış yolumuz yox idi, risk etməli idik.Əks-hücumlarda tutula bilərdik. Oyunun dəyişməsinin səbəbi risk etməyimiz idi.

 

- “Qarabağ”ın qrupdan çıxmaq şansının olmadığı bəlli idi. Sınma anı APOEL-lə burdakı oyunda oldu, yoxsa səfərdəki matçda?
- Görünən odu ki, cavab oyunu. Düzdü, hər şey bitməmişdi, ancaq rəqib artıq önə keçmişdi. Bakıdakı görüşdən sonra hələ 2-ci idik. Sınma anı APOEL-lə səfər matçının son 10 dəqiqəsi oldu. Bəlkə də, orda 3:0 qalib gəlməliyik. Həmin məğlubiyyət bizim üçün böyük zərbə oldu. O görüşdən sonra futbolçular həddən artıq məyus oldular. Ancaq bu, bizim işimizdi. Hər turnirdə ən yaxşısını etməyə çalışırıq. Nə qədər alındığını sonda görürük.

 

- Bu oyun daha vacib idi, yoxsa qarşıdan gələn “Keşlə” ilə kubok matçı daha əhəmiyyətlidi?
- Bu gün bu oyunu fikirləşirdik. Ən azı 3-cü yeri qorumaq istəyirdik. Nə qədər bu matç vacib idisə, növbəti görüş də o qədər əhəmiyyətlidi.

 

- “Qarabağ” qrupda gücünə uyğun pillədə qərarlaşdı?
- Hər oyun yaxşı çıxış edib, nəticə qazanmaq istəyirik. Bir neçə dəfə demişik ki, bəxtimiz gətirmədi, şansları istifadə edə bilmədik. Bir neçə gün əvvəl oyunları yenidən analiz etdik. İndiyə kimi APOEL-lə görüşlərdəki qədər qol epizodu yaratdığımız rəqib olmayıb. Ancaq bu, o demək deyil ki, onlar 2-ci yerə layiq deyillər. Bu, bəhanə olmamalıdı. Deməli, daha çox qol epizodu yaratmaq lazımdı. İndi bununla razılaşmalıyıq. APOEL bizdən üstün oldu. Ancaq yenə onlara qarşı oynasaq, çəinməyəcəyik və qalib gəlməyə çalışacağıq.

 

- Sanki azarkeşlər üçün artıq qrup mərhələsi adiləşib. Bu fikirlə razısız?
- Qrup mərhələsi heç də asan deyil. Burda bütün komandaların oyun təcrübəsi var. Avropada orta səviyyəli çempionatlar inkişaf etməyə başlayıb. Hər oyun istənilən məşqçi fərqli sistem tətbiq edə bilər. Əvvəllər bəzi komandalara qarşı oynamaq daha asan idi, nəinki indi. Şükürlər olsun, çox yerdə “Qarabağ”ın fərqli oyun göstərdiyini eşidirik. Bizə qarşı həddən artıq ciddi hazırlaşırlar. Biz istəyirik ki, hər il bir addım da irəli gedək. Ancaq bəzən hansısa uğuru əldə etmək, o qədər də asan olmur. Bu il alınmadı, çalışmalıyıq ki, gələn il buna nail olaq. Əllərimizi yanımıza salmağımız düzgün olmaz. Mən “Qarabağ”a gələndə uzun illər komanda çempion ola bilmirdi. O vaxt klublar daha güclü idi, futbolda daha böyük maliyyə var idi. Onlardan çəkinmədik, üstünə getdik, çempion olduq, sonra qrupa düşdük və s. İdmanda prinsiplərə əməl etməliyik. Məğlub ola bilərik, amma sınmamalı, qorxmamalı, çəkinməməliyik. Biz inamla hazırlaşmalı, Avropa futbolundan qorxmamalıyıq. Rəhbərlik səviyyəsində də nə qədər gücümüz varsa, bundan istifadə etməyə, bir addım da irəli getməyə çalışırıq. Nə qədər edə biləcəyimizi zaman göstərəcək.

 

- 2019-cü ili “Qarabağ” üçün uğurlu saymaq olarmı?
- Uğurlu hesab etdiyimi desəm, o qədər də düzgün çıxmaz. Bir qədər əvvəl xeyli məlumat verdim. Bu il çempion olmuşuq, hazırda birinci yerdəyik, kubokda oyunlarımız qalır. Buna görə də ili uğursuz saymaq olmaz. Yaxşı oyun göstərib, titul qazanmaya bilərik, qrupdan çıxmamağımız mümkündü, ancaq ən azından Azərbaycan futbolu yenə qrup mərhələsində təmsil olundu. Hamımız İspaniyanın böyük komandalarından birini gördük, böyük futbolun nə olduğunu hiss etdik. İlə uğursuz deməyək. Onsuz da futbolumuza sevgi azdı, uğursuz olduğunu desək, bu, daha da azala bilər. Daha ürəkli olmalı, sona kimi mübarizə aparmalıyıq. Uğursuz olduğumuzu desək, futbolumuz hara qədər gedəcək? Onsuz da bir-bir klublarımız sıradan çıxır. Avropanın nəhəng komandaları bura gəlirsə, çıxışımızı uğursuz adlandırmamalıyıq.

 

- Siz 10-cu dəfə ölkədə ilin məşqçisi seçildiz. Bir məşqi buna nail olmaq üçün nə etməlidi?
- Jurnalistlər tərəfində olmalıdı (gülür). Seçim sizlərindi. Bu, mənim üçün xoşbəxtlik və böyük məsuliyyətdi. Həmişə çalışmışam ki, işimə sadiq olum, vicdanla çalışım. “Qarabağ”ı çalışdırıram, rəhbərlik və azarkeşlərin mənə güvəni böyükdü. Bunları nəzərə alıb, daha da işgüzar olmağı düşünürəm. Bəzən həddən artıq məyus oluram. Futboldakı fikir mübadilələri mənə təsir edir. Amma bilirəm ki, hansı işin başındayam. Çalışıram, işimi vicdanla görüm və həvəsdən düşmürəm. Bu, o demək deyil ki, digər məşqçilər belə deyil. Uğurların da əhəmiyyəti var. Son illərdə çempionluqlar, qrup mərhələsində çıxış etmək seçilməyimə səbəb olub.

 

- Bu gün “Qarabağ”da nəsil dəyişikliyinə ehtiyac varmı? Bu haqda çox danışılır...
- Əgər komanda həmişə nəticə üçün oynayırsa, nəsil dəyişımək heç də asan deyil. Birdən-birə böyük dəyişiklik etmək risk olar. Bir çox oyunlarda təcrübəli oyunçulara ehtiyacımız olur. Futbolçu əldə etmək asan deyil. Bu, yerlilərə də, legionerlərə də aiddi. Bundan 4-5 il əvvəl futbolçu gətirmək daha asan idi. Fərqli səbəblər var. Məsələn, Türkiyədə limitin götürülməsi bizə böyük zərbədi. Digər tərəfdən çempionatda 8 komandanın olması ciddi təsir göstərir. İstənilən futbolçu çempionatla maraqlanır. Belədə biz həddən artıq böyük pul təklif etməliyik ki, həmin futbolçu heç nəyi düşünməyib gəlsin bura. Ancaq siz də rahat olun ki, biz dayanmırıq, istəyirik ki, daha yaxşı olsun, gənc futbolçular səviyyələrini artırsınlar. Üzərimizdə məsuliyyət çox böyükdü. Azarkeşlərimiz üçün çempion olmağa, qrupa düşməyə, qrupdan çıxmağa çalışmalıyıq. Üstəlik komandanı daha yaxşı formalaşdırmaq lazımdı. Bu, asan deyil. “Real”da da, “Barselona”da da, “Mançester Yunayted”də də belə problemlər olur. Əgər bizi nəticə maraqlandırmasaydı, çoxlu dəyişikliklər edər, gəncləşdirməyə gedərdik. Ancaq bu, böyük risk olar. İstənilən halda, hər il yenilik etməyə çalışırıq.


Digər xəbərlər

Xəbər xətti