Rəşad Sadıqov: "Ümid edirəm ki, "Xəzər Lənkəran" Premyer Liqaya qayıdacaq" - MÜSAHİBƏ

Sportarena.az      6 Fevral 2018, 18:00

"Qarabağ" komandasının kapitanıRəşad Sadıqov "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçından əvvəl "Report"a müsahibə verib.

 

 Sportarena.az müsahibəni təqdim edir:

 

- Fevralın 8-də çempionluq uğrunda mübarizədə əsas rəqiblərinizdən olan "Neftçi" ilə üz-üzə gələcəksiniz. Bu qarşılaşmadan gözləntiləriniz nədir?

- Bizi çox vacib oyun gözləyir. Rəqibin görüşə çox ciddi hazırlaşdığını bilirik. Biz də matça eyni qaydada yanaşırıq. İki komanda arasındakı oyunlar, tutduqları yerlərdən asılı olmayaraq, hər zaman gərgin və maraqlı mübarizə şəraitində keçib. Düşünürəm ki, qarşıdakı görüş bu mübarizə və rəqabətin ayrılmaz parçası olacaq. Hamımız hər ikimiz üçün çox önəmli oyun olduğunu dərk edirik. Hər şeyin yaxşı alınması üçün əlimizdən gələni edəcəyik.

 

- Qış fasiləsində komandanızı tərk edən təcrübəli futbolçuların yerini hazırkı heyət doldura biləcəkmi?

- Bəli, qış fasiləsində komandamızdan, milliləşdirilmiş Riçard Almeydanı da nəzərə alsaq, 4 əcnəbi futbolçu ayrıldı. Onlardan Almeyda və Dani Kintana illərdir "Qarabağ"da çıxış edirdilər. İstər komanda oyunu, istərsə də kollektivdaxili ab-hava baxımından onlar çox önəmli yer tuturdular. Hər birinə gələcək karyeralarında uğurlar arzulayıram. Klubumuz yeni oyunçu transfer etmək istəyilə bu istiqamətdə axtarışlarını davam etdirir, danışıqlar aparırdı, amma gedənlərin yerlərini doldura bilmədi. Biz də kollektiv şəklində çalışacağıq ki, bunu kompensasiya edək və gedənlərin yoxluğunu hiss etdirməyək.

 

- Hazırkı heyət çempionluq üçün yetərlidirmi?

- Bunu zaman göstərəcək. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Qiymətləndirmə aparsaq, görərik ki, "Qarabağ" və "Neftçi" bərabər heyətə malikdir. Heç birimizdə üstünlük yoxdur. Hətta "Neftçi" qışda bəzi transferlər edərək heyətini bir qədər də gücləndirib və genişləndirib. Düşünürəm ki, onların heyəti bizimlə müqayisədə daha genişdir. Amma kimin daha uğurlu olacağı, heyətinin və ya oynadığı futbolun çempionluq üçün yetərli olacağını zaman göstərəcək.

 

- Hər iki komanda çempionluq uğrunda mübarizə aparsa da, matça azarkeş marağı o qədər də yüksək deyil. Niyə hazırda "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasındakı qədər ab-hava yoxdur?

- "Neftçi" - "Xəzər Lənkəran" matçı hər zaman futbolumuza rəng qatırdı. Bu qarşılaşmaya "Böyük oyun" adı verilmişdi. İki komanda arasındakı görüşlər hər zaman çox maraqlı və gərgin mübarizə şəraitində keçirdi. İndi niyə belə oyunların olmadığına dair suala tam dəqiq cavab verə bilmərəm. Ümid edirəm ki, gələcəkdə nə vaxtsa Lənkəranda futbol bərpa ediləcək və "Xəzər Lənkəran" Premyer Liqaya qayıdacaq. Həmçinin təkcə Lənkəranda deyil, digər bölgələrdə də komandalar arasında gərgin və maraqlı oyunların sayı artacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin