“Qarabağ” rəsmisindən etiraz: "Günümüzü qaraltmayın!"

Sportarena.az      11 Mart 2018, 16:27

"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov feysbuk hesabında yazı paylaşıb.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi Peşəkar Futbol Liqasının oyunların azarkeşsiz keçirilməsiylə bağlı qərarını tənqid edib.

 

Azərbaycanda əsas futbol yarışını keçirən təşkilat korona təhlükəsini əsas gətirərək Premyer Liqanın növbəti 2 turunun azarkeşsiz keçirilməsinə qərar verib. Və bu 2 tura bütün çempionatlar tarixində baş tutmuş yeganə "Azərbaycan derbisi" "Neftçi" - "Qarabağ" da tuş gəlib. Yəqin, təxirə salanlar bu önəmli faktı görməzdən gələ bilməzlər. Amma...

 

Azarkeşsizlik ehtiyat tədbiridi? Xub! Pakizə! Amma istənilən önləyici tədbir müəyyən itki bahasına belə, gələcəyə hesablanmış olur. Dolayısıyla mümkün iqtisadi itki sosial məsuliyyət və perspektivə hesablanır. Amma təxirəsalma xəbərindən sonra onsuz da yerində olmayan Premyer Liqa haqqında yerli-yersiz şəbədələr qoşurlar. Bu xəbər bir az da məzə obyektinə çevriməklə imicin yerlə-yeksan olmasına səbəb olub.

 

Bəli, Azərbaycan çempionatına az adam gəlir. Amma hardasa 15 ildi ölkə futbolunda olan biri kimi deyə bilərəm ki, Azərbaycan azarkeşi dünyanın bəlkə də ən fədakar azarkeşidi. Nəinki "Qarabağ"ın, hətta "Neftçi"nin belə aktiv olan hər bir azarkeşini tanıyıram. Onları tanımağım saylarının azlığı ilə deyil, fədakarlıqlarına görədi. Necə?

 

Onlar daim aşağılanan (təbii ki, çox vaxt da haqsız olaraq), məzə obyektinə çevrilən Premyer Liqaya "niyə oyunlara gedirsən" sualına sinə gərən, meydandan da kənarda öz komandasının maraqları uğrunda mübarizə aparan fədailərdi. Soyuq-isti bilmədən, rəqibə fərq qoymadan stadiona gələn, öz dəyərləri üçün yaşayan o azarkeşlər ən yaxşısını haqq edir. Azarkeş var yolpulunu yığıb oyuna gəlir, iş yerindən 1001 bəhanə ilə çıxmağa çalışır. Adam tanıyıram, işə girəndə tək şərti oyun günü icazə almaq olub. Ona görə də, yerli çempionata gələn, dəyər verən bir azarkeşimiz xarici çempionata baxıb özümüzə "mız" qoşan 100 nəfərdən daha önəmlidi.

 

Mən "Qarabağ" azarkeşi tanıyıram Gəncədə (!) yaşayır və son 18 ildə cəmi 1 (!!) dəfə "Qarabağ"ın hansısa oyununu buraxıb – bütün oyunları stadionda izləyib! Mən "Neftçi" azarkeşi tanıyıram, öz maşınını satıb "Neftçi"nin səfər oyununa gedib. Amma bunu heç kimə deməyib.

 

Və indi bu azarkeşlər, bu çempionatda intizarla gözlədikləri, didişərək zövq aldıqları bu həyəcandan məhrum olublar-ediliblər. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, udanda göyün 7-ci qatına çıxan, uduzanda yerin altına girən "Neftçi", "Qarabağ" azarkeşləri... Biz İtaliya deyilik ki, 1-2 dəfə oyunu azarkeşsiz keçirməklə nəsə dəyişsin. Bu gün Azərbaycanda "Neftçi" - "Qarabağ"la və məlum virusla bağlı sorğu keçirilsə, stadiona yollanmağı həyat tərzinə çevirənlər oyuna gəlmək istəyəcək! İnanmırsız bir sorğu edin, görcəksiz.

 

Kütləvilik problemdi? Olsun. Salın qarşıdakı bir tarixə, məsələn, aprelə, maya. Belədə, həm də liqada rəqabət olar, gərginlik artar, çempionata yeni rəng gələr. Bu mövzuda daha aşağı yaş qrupları üzrə çempionatları keçirənlər daha həssas davrandılar. Ora da azarkeş gəlmir, amma oyunlar, sadəcə, təxirə salındı. Həm də məktəb amili, kəmiyyəti də nəzərə alsaq, aşağı yaş qrupları üzrə çempionatları təxirə salmaq daha məsuliyyətli və ağırdı. Ancaq adamlar məsuliyyətdən çəkinmədilər. Yoxsa, Premyer Liqada vur-tut 4 cüt qarşılaşmaya vaxt tapmaq olmur ?

 

"Neftçi" - "Qarabağ" günümüz futbolumuzun güzgüsüdü. Adətən, ölü düşəndə xalq arasında güzgünün üstünü 40 gün örtürlər. Açın o örtüyü, gün(zg)ümüzü qaraltmayın...

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin