Azərbaycana Çempionlar Liqasına 2 klubla qatılmaq hüququ verildi

00:07 19 Aprel 2020

Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınlar arasında avrokubok reytinqini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, cədvəllərə əsasən voleybol üzrə avrokubokların 2020/21 mövsümündə ölkələrin təmsilçi sayı dəqiqləşib. Bu, başa çatan 3 ilin reytinqinə əsasən müəyyənləşib. Belə ki, reytinqdə 2016/17, 2017/18 və 2018/19 mövsümlərinin nəticələri əksini tapıb.

 

Azərbaycanın həm kişi, həm qadınlar arasında keçirilən qitəmiqyaslı klub turnirindəki təmsilçi sayı da dəqiqləşib. Ölkəmiz yeni mövsümdə Avropada 4 klubla iştirak etmək hüququna malikdir. Bunlardan ikisi kişi, ikisi qadın komandaları olmalıdır.

 

Qadınların Çempionlar Liqasında 57,33 xalla Avropanın 12-cisi olan Azərbaycan ötən illə müqayisədə 7 pillə geriləyib. Bu da yalnız 1 klubla mübarizə aparmaq imkanı verir. Əslində, bu əmsal və mövqe çempionumuzun IV təsnifat mərhələsində çıxış etmək imkanı verir. Lakin koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində IV mərhələdə təmsil olunmadığımızdan Azərbaycan komandası ilk raunddan yarışa qoşulacaq.

 

Kişilər arasında ölkə çempionu da qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ilk mərhələdən başlayacaq. Reytinq xalı olmayan və siyahıda 33-cü pillədə qərarlaşan ölkəmizin mövsümə belə başlaması təbiidir. Ötən il bu cədvəldə 30-cü olan voleybolçularımız üç pillə geriləyib.

 

Kişi voleybolçularımız CEV və "Çelenc Cup”ın birgə reytinqində də mövqeyini əldən verib. Bir pillə geriləyən ölkəmiz 19,00 xalla qitənin 34-cüsüdür. Bu isə yalnız 1 komanda ilə təmsil olunmaq imkanı verir. Həmin komanda "Çelenc Cup”da mübarizə aparacaq.

 

Qadınların bu 2 yarış üçün tərtib olunan cədvəlində mövqeyimiz daha çox pisləşib. 21,00 xala malik ölkəmiz 13 addım geriləməklə 30-cü yerə yuvarlanıb. Bu da bir klubumuzun "Çelenc Cup”da qüvvəsini sınamasına imkan verir.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti