Azərbaycanda çıxış etmiş futbolçunun xanımı koronavirusa yoluxdu - FOTOLAR

18:24 24 İyun 2020

"Xəzər Lənkəran", "Neftçi" və "Keşlə"nin sabiq futbolçusu Denis Silvanın həyat yoldaşı Luana Rinaldi koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Rinaldinin özü məlumat verib.

 

Braziliyalı müdafiəçinin xanımı bildirib ki, bir müddət xəstəxanada qaldıqdan sonra evə buraxılıb: "Virusun ötən həftə taksi sürücüsündən keçdiyini düşünürəm. Çünki həmin vaxtdan özümdə yüksək hərarət hiss etməyə başladım və dərhal həkimə müraciət etdim. Hərarətlə yanaşı, nəfəs darlığı var idi".

 

Hazırda özünü normal hiss etdiyini söyləyən Rinaldi maraqlı iddia səsləndirib. O, 3 il öncə Bakıda pnevmoniya olduğu üçün bədənində koronavirusa qarşı immunitetin formalaşdığını söyləyib: "Koronavirus hər zaman olub. Sadəcə indi mutasiyaya uğrayıb. Düşünürəm ki, Azərbaycanda pnevmoniya olmasaydım, indi xəstəliyi belə yüngül keçirməzdim".

 

Rinaldi həyat yoldaşı Denis Silvanın səhhətində hər hansı problem olmadığını deyib: "Biz fərqli şəhərlərdəyik. Mən şəxsi biznesimlə bağlı San-Pauluda qalmışam. Evimiz təmir olunduğu üçün ərim qızımla birlikdə valideynlərinin yanına yollanıb".

 

Qeyd edək ki, ötən yay Azərbaycanı tərk edən Denis Silva 4 dəfə ölkə kubokunun qalibi olub. O, Braziliyaya qayıtdıqdan sonra ölkəsinin D Seriyasında çıxış edən "San Kaetano” ilə müqavilə imzalayıb. 



Xəbər xətti