"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu

18:00 15 Oktyabr 2020

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları bu həftə keçiriləcək. “Zirə” “Sumqayıt”la üz-üzə gələcək.

 

Sportarena.az Bakı klubunun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, çempionatın lideri olan “qartallar” səfər matçına çıxacaq. Oktyabrın 18-də keçiriləcək oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.

 

İndiyədək “Zirə” Premyer Liqada 19 dəfə “Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komanda 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan “qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komanda 17 top buraxıb. Səfərdə keçirilən 10 görüşdə 4 dəfə qalib olan “Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran “qartallar” 9 top buraxıb.

 

Qeyd edək ki, oktyabrın 18-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Zirə” matçı saat 16:00-da başlayacaq.


Xəbər xətti