"Bütün ağdamlıları ürəkdən təbrik edirəm" - Prezident

12:34 20 Noyabr 2020

"Əziz həmvətənlər, mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm! Bütün ağdamlıları ürəkdən təbrik edirəm”.

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

 

"Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarına qayıdacaqsınız”, - dövlət başçısı qeyd edib.

 

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb: "İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.

 

Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".  


Digər xəbərlər

Xəbər xətti