“Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı “İmarət”də keçirəcəyik” - "Qarabağ"ın məşqçisi

19:09 29 Noyabr 2020

"Oyunun ağır keçəcəyini bilirdik. Sıx qrafik və süni meydança amili var idi. Amma bu gün 1 xal qazandıq”.

 

Sportarena.az xəbər verir ki. bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

 

O, ötən gün Ağdama səfərin komandaya müəyyən qədər təsir etdiyini söyləyib: “Yorğunluq oldu. Amma Ağdamın alınmasına görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik".

 

E.Rəhmanov zədəli futbolçuların durumu ilə bağlı da danışıb: "Abbas Hüseynov Türkiyədədir. Bədavi Hüseynov məşqlərdə iştirak edir. Rahil Məmmədovla Maksim Medvedev hələ ki, ölkə xaricindədirlər. Sabah test verəcəklər. Ondan sonra məsələyə aydınlıq gələcək”.


Xəbər xətti