"Ümidləri doğrultmağa çalışacağam" - Hacı Əliyev

Sportarena.az      7 Yanvar 2021 , 14:05

Güləş üzrə yığmalarımız qarşıdan gələn lisenziya turnirlərinə hazırlıqları davam etdirir.

 

Sportarena.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu il üçün əsas məqsəd Avropa və Dünya Olimpiya Təsnifat turnirlərində Olimpiya Oyunlarına əksər lisenziyaları əldə etmək və Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

 

Hər zaman olduğu kimi, yığmanın aparıcı üzvlərindən gözləntilər böyükdür. Belə güləşçilərdən biri də Hacı Əliyevdir. 3 qat dünya və 3 qat Avropa çempionu, Rio-2016-nın bürünc medalçısı Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada hazırlıqlarla bağlı danışıb:

 

“Pandemiya ilə əlaqədar 2020-ci ildə yalnız Fərdi Dünya Kubokunda iştirak edə bildim. Ümid edirəm ki, bu il UWW-nin təqvim planında yer alan yarışlarla bağlı hər hansı problem yaranmaz. Bu yarışlara ciddi şəkildə hazırlaşırıq. Məqsədimiz əvvəlcə Olimpiadaya lisenziya qazanmaq, daha sonra isə Tokioda ölkəmizi uğurla təmsil etməkdir”.

 

Titullu güləşçi baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında ümidləri doğrultmağa çalışacaqlarını deyib:

 

“Namiq Abdullayev olimpiya çempionu kimi hər birimizin fəxridir. Onun idmançı karyerası və göstərdiyi xarakter bizim üçün nümunədir. Mən də daxil olmaqla, bir çox idmançının kumiridir. Əlbəttə, belə insanın rəhbərliyi altında çalışmaq qürurvericidir. Yığma komandanın üzvləri onun bilik və bacarığından, təcrübəsindən faydalana bilər. Fürsətdən istifadə edib qeyd edim ki, bu yaxınlarda mətbuatdan çıxan müsahibəm bəzi media orqanlarında yanlış formada şərh olunub. Təəssüf ki, fikirlərim fərqli şəkildə yozulub və bu da məni olduqca məyus etdi Mən heç vaxt Namiq Abdullayevin məşqçilik bacarığına şübhə ilə yanaşmamışam. Belə fikir səsləndirməyim əsla mümkün deyil. Əksinə, inanıram ki, güləşçi kimi adını idman tariximizə yazan Namiq Abdullayev məşqçi kimi də millidə uğur qazanacaq”.”.

 

Hacı Əliyev sonda azarkeşlərə səslənib: “Güləş ölkəmizə ən çox olimpiya medalı bəxş edən idman növüdür. Ona görə də bizdən gözləntilər böyükdür. Güləşsevərlərə demək istəyirəm ki, Azərbaycan Güləş Federasiyası tərəfindən bütün şərait yaradılıb və təlim-məşq toplanışları ən yüksək səviyyədə davam edir. Qida, məskunlaşma və vitamin təminatı ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz. Lisenziya turnirlərinə qədər ölkə xaricində də toplanışların da keçirilməsi nəzərdə tutulub. Bütün bu görülən işlərin qarşılığında güləşçilərimizin növbəti dəfə ümidləri doğruldacağına inanıram”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin