Pauerliftinq üzrə dünya çempionu: "Qonşu ölkələrdə idman zalları fəaliyyət göstərir"

00:33 4 Fevral 2021

"2020-ci il idmançılarımız üçün çox ağır il oldu. Çünki pandemiya ilə əlaqədar yarışlar təxirə salındı, idman zalları bağlandı. Mən 2019-cu ildə 7 yarışda iştirak etdiyim halda başa vurduğumuz ildə heç bir yarışa qatılmadım, həmçinin heç bir təlim-məşq toplanışı və adi məşqlərə belə cəlb olunmadım. Mənim timsalımda yüzlərlə idmançılar var ki, onlar da həm məşqlərdən, həm də yarışlardan uzaq qaldılar".

 

Sportarena.az xəbər verir ki, bu sözləri SalamNews-a açıqlamasında pauerliftinq üzrə dünya çempionu Ramil Əhməd bildirib. O əlavə edib ki, xüsusilə qeyri-olimpiya idman növlərində çıxış edənlərin yeganə gəlir sahəsi idmandır:

 

"Zalların bağlı olması həmin idmançıların işsiz qalmasına səbəb olub. Amma qonşu ölkələrə nəzər yetirsək, Rusiya, Türkiyə, İran və Gürcüstan kimi ölkələrdə idman zalları müvəqqəti dayandırılsa da, yenidən bərpa edilərək müəyyən şərtlər daxilində fəaliyyət göstərirlər. Rusiyada və Ukraynada pauerliftinq üzrə yarışlar belə keçirilib. Mən düşünürəm ki, idman zallarının açılması labüddür. 2020-ci ilin yay aylarında Gənclər və İdman naziri mətbuat nümayəndələri ilə görüşdə bildirdi ki, idmançılarımız işsizlikdən əziyyət çəkir, onlar taksi və mühafizə xidmətlərində çalışırlar. Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov mənimlə əlaqə saxlayaraq dedi ki, idman sahəsi ilə bağlı müəyyən təkliflər hazırlanıb. Ümid edirəm ki, növbəti brifinqlərdə idmançılara xoş xəbərlər veriləcək".


Digər xəbərlər

Xəbər xətti