"Qəbələ" və "Qarabağ"ın 61-ci dueli

10:42 24 Aprel 2021

Bu həftə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Eyni gündə baş tutacaq turun görüşləri aprelin 25-də təşkil olunacaq. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Bu matç iki komanda arasında 61-ci duel kimi tarixə düşəcək. Rəqiblər indiyədək 60 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 29 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran komanda öz qapısından 85 top buraxıb.

 

“Qəbələ” Premyer Liqada 50-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 71 top buraxıb.

 

“Qəbələ” 30-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçular 34 qola üzülüb.

 

Aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti