Tokio Olimpiadasında 3 karateçimiz iştirak edəcək

12:14 14 İyun 2021

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar.

 

Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı olimpiadaya lisenziyaya da sahib olub.

 

Paris olimpiya təsnifat turnirində digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

 

Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.

 

Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti