Samir Abasov: "Çempionlar Liqasının qrupu bizim üçün röyadı"

12:56 14 İyul 2021

"Bu gün bizim üçün önəmli və xoş gündür. Bunun səbəbi azarkeşlərimizin stadionlara girişinə icazə verilməsidir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu, bizim xeyrimizə atılan möhtəşəm addımdır".

 

Bu fikirləri "Neftçi" baş məşqçisi Samir Abasov Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçın gərginliyi hiss olunmağa başlayıb: "Hansı ajiotajda oynayacağımızı bilirik. Rəqib öz gücünü ilk oyunda göstərdi. "Dinamo" çempionatda 17 oyun keçirib. Tam hazır vəziyyətdədir. Bu da bizə çətinlik yaratdı. Nəticə yaxşı olsa da, oyunumuz yaxşı alınmadı. Bunu düzəltməyə çalışacağıq. Artıq səfər qolu qaydası ləğv olunub. Öz oyunumuza arxalanmalıyıq".

 

Baş məşqçinin sözlərinə görə, komandası ilk matçda yaxşı oynamadı: "Bəzi epizodlarda oyundan qopduq. Sağ və sol müdafiəçilərimiz komandaya yetərincə kömək edə bilmədi. Harramizin ilk rəsmi matçı idi. Ona görə yaxşı təsir bağışlamadı. Qələbəyə baxmayaraq, oyundan razı qalmadıq. Bu günki matçın necə olacağını demək tələskənlik olar".

 

O, komandanı tərk edən hər bir oyunçunun yerini doldurmaq lazım olduğunu söyləyib: "Transferlər barədə danışan Abasov vəziyyətin çətin olduğunu vurğulayıb: "Çox oyunçuya ehtiyacımız var. Çempionlar Liqasında gərgin oyunlar olur. Bəzi mövqelərdə futbolçumuz yoxdur. Çatışmazlıqları aradan qaldırmaq lazımdır. Oyunçular gəlmirlər. Elələri var ki, ümumiyyətlə səninlə danışmaq istəmir. Hər komanda bunun əziyyətini çəkir".

 

Abasov hazırkı "Neftçi"nin yaxşı vəziyyətdə olamdığını qeyd edib: "Çempionlar Liqasının qrupu bizim üçün röyadır. Ola da bilər, amma çox çətin görünür. Konfrans Liqasında qrupa düşmək daha real görünür. Amma bu, atdığımız addımlardan asılı olacaq".

 

Qeyd edək ki, iyulun 14-də keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq. 


Xəbər xətti