"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var" - Pedro Martins

00:29 29 İyul 2021

“Bu gün hər kəs əlindən gələni etdi. Bəzi oyunçularımız daha az təcrübəyə malikdirlər. Ancaq yaxşı oynadılar. Bu, onlar üçün də yaxşı təcrübə oldu. Artıq 3 ildir komanda ilə birgəyik. Bunun müsbət nəticələrini görməkdəyik. Burada da öz bildiyimizi edib, lazım olan nəticəni əldə etdik".

Bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə Bakıda keçirilən cavab matçından (1:0) sonra mətbuat konfransında deyib.

 

Portuqaliyalı mütəxəssis hər iki görüşdə "Neftçi"yə qalib gəlmələrinə baxmayaraq, rəqib haqda müsbət fikirlər səsləndirib: "Çox təcrübəli komandaya qarşı oynadıq. "Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var. Bu, hazırlığımız üçün əla imkan oldu. Çətinliklərimiz var idi. Rəsmi olaraq 2 oyunçu az gəlmişik. Buna baxmayaraq, bacardığımızı göstərdik, öz oyunumuzu keçirdik.

Pedro Martins "Neftçi" sizi nə ilə təəccübləndirdi və rəqibinizin heyətində hansı oyunçuları fərqləndirə bilərsiniz"? sualını isə belə cavablandırıb: "Neftçi" çox keyfiyyətli komandadır. Üst səviyyəyə malik kollektivdir. İlk növbədə kapitanları Emin Mahmudovu qeyd edə bilərəm. Həmçinin Yusuf Laval da hücumda bizə çətin anlar yaşatdı. "Neftçi" hər iki görüşdə bizə kifayət qədər çətinliklər yaşatdı. Bununla keyfiyyətli komanda olduğunu göstərdi. Harramiz və Mamadu Kane də yaxşı oyunçulardır. Onların da gücü, bacarığı bizə bəllidir". 


Digər xəbərlər

Xəbər xətti