"Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir" - Samir Abasov

Sportarena.az      29 İyul 2021 , 00:42

“Məğlubiyyətdən sonra nəsə demək çətindir".

Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”a qarşı cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərə müsahibəsində komandasının çıxışını belə şərh edib:

 

“Yaxşı oyuna baxmayaraq, turnirdən kənarda qalmaq çətindir. Ruhumuzu hər iki oyunda ortaya qoyduq. Uşaqlar sağ  olsunlar. Çətinliklərlə bura gəlib çıxdıq. Ən azı turnirdən üzüqara çıxmırıq. Sərgilədiyimiz oyun, əsas ruh yaxşı idi. Hər iki mərhələdəki matçlarda xatrakter göstərdik. Bu cür rəqib önündə oynamaq cəsarət tələb edir.

Bu gün bərbad görünən Ömər Buludovun vəziyyəti dünən necə idi və hansı ümidlərlə onu meydana buraxmışdınız?

- Futbolçular bu cür oyunlarda böyüyür. Əgər böyümək istəyirsə. Hansısa futbolçu "mandraj"da oynayacaqsa, deməli, onun həyatı da "mandraj"da keçəcək. İlk oyundan sonra "niyə Ömər oynamadı?" deyənlər, niyə əksini deyirlər? Futbolçudur, həyəcanlı oldu. Bunun da ucbatından qol buraxdıq. Onun özü üçün də təcrübədir. İnşallah, yavaş-yavaş keçər. Onu səhvinə görə əvəzləmədim. Sadəcə, ayağı ağrıdı. Bu, bəlkə də, "mandraj"dan qaynaqlandı. Bir oyunçu əvəzlənmək istədisə, ayağının ağrıdığını dedisə, onu əvəzləməliydik. Tanıdığım Ömər yalan danışmaz. Bizim borcumuz futbolçuya motivasiya verib, oyuna çıxarmaqdır. Hansısa futbolçu "mandraj"la çıxıbsa, günah onda yox, məşqçidədir. Deməli, məşqçi onu lazımi qədər oyuna kökləyə bilməyib. Təəssüf ki, Ömərdə bu baş verdi.

- Hücumçusuz qalan "Neftçi"nin gələcək oyunlardakı vəziyyətini necə etmək olar?

- Əlimizdəki oyunçularla çıxıb oynayacağıq. Hücumçu olmadığı halda baş məşqçi kimi sistemdə bəzi dəyişikliklər etməlisən. Ən azı oyunçuları bu ruhda meydana çıxarmalıyıq. Bu təcrübə ilə futbolçuların artıracağını düşünürəm. Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir. Bu, bir dəfə alınar. Hansı turnirdə nə qədər irəliləyəcəyimizi zaman göstərəcək.

- Azarkeşlər oyundan sonra komandanı 10 dəqiqə alqışladılarsa, deməli, oyundan razı qaldılar. Digər turnirdə komandanı motivasiya etmək çətin olmayacaq?

- Bu mənə heç vaxt çətinlik yaratmayıb. Bu artıq şərtdir, heyəti gücləndirməliyik. Bunun nə zaman baş verəcəyi ilə bağlı tutarlı cavabım yoxdur. Azarkeşlər bu enerjini daim alsınlar, komandaya inansınlar. Biz də onların bu inamını itirməməyə çalışmalıyıq. Ən azı bu ruhda, motivasiyada əlimizdəki heyətlə oyunlara hazırlaşmalıyıq.

- Mamadu Mbodju son 15 dəqiqədə hansı keyfiyyətinə görə hücumda oynatdınız?

- Cinahlardan asmalar edilirdi, Mbodj özü hücuma keçmək istəyirdi. Hesabın 0:1 və ya 0:2 olmasının fərqi yox idi.

- Tapança-tüfəngi tanka çevirmək üçün rəhbərlik dəstək olmalıdırmı?

- Transfer haqda daha danışmayacağam. Çünki tutarlı cavabım yoxdur. İnşallah, tezliklə buna cavab olar.

- Günahkar kimi görünürsünüz. Amma əlinizdə olan heyət göz önündədir. Hesab etmirsiz ki, rəhbərlik sizi oda atır, bununla həm də "Neftçi" adına hörmətsizlik edir?

- Transfer barədə danışmayacağam, çünki nəsə demək çox çətindir. Onsuz da, ömür boyu odun içində işləmişik. Bəzi şeyləri cəsarətlə etməliyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Əl-qolumuzu aşağı salmayaq.

- "Neftçi"nin Çemponlar Liqasından kənarda qalmasının günahkarı kimdir? Yaxşı hazırlaşmamağınıza səbəb olan kənar amilləri açıqlaya bilərsiniz?

- Sizcə, bu cür oyunla yaxşı hazırlaşmamışıq? Bəzi oyunçularda viza problemi yarandı. Meza Kolli kollektivə gec qoşuldu. Millinin oyunçuları ilə bağlı problemlər var idi. 8-10 gün məşq keçib səfərə getmişik. Nədənsə Tbilisi "Dinamo"sunu dağ başına qaldırırlar. Deyirlər ki, "Neftçi"ni udardıq. Udardınız da. Biz get-gedə daha yaxşı olacağıq. Kənar amillər bunlardır. Bizdən asılı olmayan səbəblər var idi. Sırf Gürcüstandakı oyunumuzu vurğulayırlar. Onun ətrafında baş verənləri demirlər. Deyirlər pis oynadıq. Pis oynayıb hər iki matçda qələbə qazandıq. Yaxşı oynasaydıq, onları gör nə günə qoyardıq.

- Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibini HİK barədə hansı məlumata maliksiniz?

- Dünənə qədər ancaq "Olimpiakos"u izləmişəm. HİK-ə sabah baxacağam. Çünki ümidim "Ludoqorets"ə idi, HİK-ə yox.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin