"Kəpəz"in hücumçusu: "Qələbədən başqa heç nə haqda düşünmürük"

13:19 25 Sentyabr 2021

“Bilirik ki, bu heç-heçələr azarkeşlər üçün xoş deyil. Elə bizdə istəyirik ki, ən yaxşı nəticəni əldə edək. Bəzi şeyləri başa düşmək lazımdır”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Bəhruz Teymurov klubun mətbuat xidmətinə açıqlamasında belə deyib.

 

Hücumçu komandanın uğurlu çıxışı üçün vaxta ehtiyacın olduğunu bildirib: “Yeni komanda yığılıb, kollektivə cəlb olunan yeni oyunçular çoxdur. Bir-birimizi başa düşmək üçün bir az zaman lazımdır. İnanıram ki, növbəti oyunlarda qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik”.

 

“Kəpəz”in hücum xəttində Cavid İmamverdiyev, Tural Rzayev kimi elita təcrübəsinə malik tanınmış futbolçular yer alıb. Onlarla çiyin-çiyinə oynayan ötən mövsümün bombardirlərindən olan Teymurov tezliklə qolları sıralayacağına ümid edir. Bu yolda azarkeşlərdən dəstək gözləyir. Əslində onu komandanın uğuru düşündürür, nəinki özünün bombardirliyi. Bu haqda özü deyib: “Əsas olan komandanın çempionluğudur. Özüm bombardir olub fərqlənməkdənsə, “Kəpəz”in qızıl medalları qazanmasını arzulayıram. Düzdü, bombardir olmaq da məqsədlərim arasındadır. Amma dediyim ki, ilk növbədə klubun uğurları məni maraqlandırır”.

 

“Kəpəz” növbəti turda “Qarabağ-2” komandası ilə qarşılaşacaq. Bəhruz bu oyun haqda da danışıb: “Qələbədən başqa heç nə haqda düşünmürük. Biz hər rəqibə hörmətlə yanaşırıq. Zəif rəqib yoxdur, “Qarabağ” da yaxşı komandadır. Klubların əvəzedici heyətləri əsasən gənclərdən təşkil olunur, həmin uşaqlar da özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Necə ki, “Qəbələ-2” ilə ilk görüşdə bunu gördük. Akademiyada yetişən oyunçulardır, 4-5 ildir ki, bir yerdə oynayırlar”.

 

Hücumçu “Kəpəz”in çempionluğa qadir komanda olduğunu da deyib. O, bildirib ki, kollektiv bu titula layiqdir. Və bu məqsədin reallaşması üçün əllərindən gələni edəcəklər.


Digər xəbərlər

Xəbər xətti