“Bizim mənəvi gücümüz Sizdən, xalqımızdan gəlir” - “Qarabağ” klubunun prezidenti

15:06 13 Dekabr 2021

“Hörmətli Prezident, icazə verin, “Qarabağ” klubunun heyəti adından, “Qarabağ” sevərlər, fanatlar, ailəm, şəxsən öz adımdan bu gün bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim. Ulu öndərimiz Heydər Əliyevin anım günündən bir gün sonra Sizin ziyarətinizdə olmaq bizə böyük bir şərəfdir, müqəddəs bir xatirədir”.

Bu sözləri “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl bu gün Prezident İlham Əliyevlə görüşdə deyib.

 

O daha sonra deyib: “Cənab Prezident, “Qarabağ” futbol klubu daha əvvəlki illərdə Sizin də qeyd etdiyiniz kimi, Qarabağdan olan köçkünlərimizin nidasını, Vətən həsrətini, torpağa haqlı tələbimizi Avropaya çatdırmaq, dünyaya çatdırmaq missiyasını öz üzərinə götürmüşdü və bu məsuliyyətlə böyük uğurlar qazandı. Amma bu il, cənab Prezident, çox fərqli bir ildir. Bu il Sizin çox möhtəşəm liderliyinizlə, fövqəladə cəsarətinizlə, Azərbaycan xalqının şücaəti, şəhidlərimizin müqəddəs fədakarlığı ilə möhtəşəm bir Qələbə qazanmış azad Qarabağı təmsil edən bir klub olaraq biz meydana çıxdıq. Cənab Prezident, çox zülm gördük, ədalətsizlik gördük, bir dəfə yox, bir neçə dəfə. Doğrudan da, bunu ağıla, fikrə gətirmək mümkün deyil ki, bu standartlarda necə oyun təşkil olunur və səs də çıxmır. Amma icazə verin, deyim ki, bizim mənəvi gücümüz Sizdən gəlir cənab Prezident, xalqımızdan gəlir “Qarabağ”a. Bizim öz daxili aləmimizdəki paklığımızdan gəlir, cənab Prezident. Biz heç vaxt unutmuruq ki, mədəniyyət mərkəzimiz Şuşada Ulu Öndərimizin “Şuşa mütləq bir gün bizim olacaq” sözlərindən sonra Sizin emosiyalarınıza, sevinc göz yaşlarınıza qoşulduq. Cənab Prezident, Siz məğrur duruşunuzla bizə ilham oldunuz və Allaha şükür, bu günlərə gəldik.

Cənab Prezident, biz birinci dəfə Sizinlə görüşəndə heç də qələbə qazanmamışdıq. Siz o gün bizə dediniz ki, mən sizi qalib sayıram, heç vaxt ruhdan düşməyin, davam edin. Dünyada elə bir klub yoxdur ki, üç dəfə rəhbərin qəbulunda olsun. Sizin bu mənəvi dəstəyinizdən sonra bizim öhdəmizə ancaq və ancaq uğur qazanmaq düşürdü və biz bunu yerinə yetirdik. Mən Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Allah Sizi qorusun, bizlərə çox görməsin. Bizlərə, xalqımıza olan diqqət və qayğınız daimi olsun, cənab Prezident. Çox sağ olun, Sizə çox təşəkkür edirəm”.


Xəbər xətti