Yüksək Liqa: Bürünc medallar “Neftçi”yə qismət oldu

15:26 7 May 2022

Bu gün futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” İK və “Baku Fire”in duelinə ikincilər tam heyətlə çıxmışdısa, meydan sahibləri cəzalı olduğuna görə qapıçı Anar Məmmədovun xidmətindən istifadə edə bilmirdi.

 

Oyunda hesabı “narıncılar” açdı. Nihad İsmayılovun qüvvətli zərbəsi Zamanov üçün qarşısıalınmaz oldu. 5 dəqiqə sonra “Neftçi” İK Oqtay Rüstəmli ilə hesabı bərabərləşdirdi 1:1. 13-cü dəqiqədə Nurlan Mehdizadə 10 metrlik zərbəni qolla tamamlaya bilmədi. Kamran Hacıyev düzgün mövqe seçməklə hesabın dəyişməsinə imkan vermədi. Ancaq Mənəflinin zərbəsi tablodakı tarazlığı pozdu. Növbəti qol Mehdizadədən gəldi. Müdafiədəki səhvdən yararlanan Nurlan bu dəfə Kamran səddini aşmağı bacardı. İkinci hissədə yenə ilk qolu “Baku Fire” vurdu. Bu dəfə Sultanovun penalti zərbəsini Zamanov geri qaytarsa da, dönən topu dəqiq tamamlayan Renat fərqi minimuma endirdi. 5 dəqiqə sonra “Neftçi”dən Oruc Baxşəlizadə fərqləndi. Oruc 7 dəqiqə sonra dublnu rəsmiləşdirməklə fərqi də artırmış oldu. Hasan Ali Jafarinin fərqlənməsi artıq oyunun taleyini həll etdi, demək olar.

 

Qələbə sayəsində “Neftçi” İK mövsümü üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu.

 

Neftçi İK – Baku Fire (3:1) 6:2

7 may. Bakı İdman Sarayı. Saat 12:00

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Vüsal Balaşov

Hakim-inspektor: Azər Əsgərov

Qollar: Oqtay Rüstəmli, 6:07, Hüseyn Mənəfli, 14:46, Nurlan Mehdizadə, 16:57, Oruc Baxşəlizadə, 28:48, 34:34, Hasan Ali Jafari, 36:45 // Nihad İsmayılov, 1:07, Renat Sultanov, 23:41

Sarı vərəqələr: Renat Sultanov, 21:29, Murad Quluzadə, 28:46, Nihad İsmayılov, 29:59


Xəbər xətti