“Qarabağ”dan ayrılan Patrik Andrade Serbiya klubu ilə anlaşdı

12:58 22 İyun 2022

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Ağdam klubundan ayrılıb. Sportarena.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçinin Azərbaycan çempionu ilə Avstriya toplanışına yollanmaması onun bu klubdan ayrıldığının təsdiqi idi.
 
Artıq Andrade sosial şəbəkə hesabında da “Qarabağ”la vidalaşıb. 29 yaşlı yarımmüdafiəçi “İnstagram”dakı paylaşımında bunları yazıb:
 
“Yaşadıqlarım və xoşbəxt olmalı olduğum fürsətlər üçün minnətdaram. İki ildə öyrəndiyim, inkişaf etdirdiyim və kəşf etdiyim hər şey üçün komanda yoldaşlarıma, azarkeşlərə təşəkkür edirəm. Təşəkkürlər, “Qarabağ” ailəsi. Sizi izləməyə davam edirəm”.
 
Patrikin xanımı da sosial şəbəkə hesabında “Qarabağ” və Azərbaycanla vidalaşıb, hər şeyə görə təşəkkür edib.
 
Xatırladaq ki, Patrik Andrade 2020-ci ilin avqustundan “Qarabağ”da çıxış edirdi. O, Ağdam klubunda 70 oyuna çıxıb, 12 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
 
Andradenin karyerasını Serbiyada davam etdirməsi gözlənilir. Serbiya mətbuatının yaydığı məlumata görə, kabo-verdeli yarımmüdafiəçi Belqrad “Partizan”ı ilə anlaşıb. O, azad agent kimi bu klubla 3 illik müqavilə bağlayacaq. Məlumata görə, Andrade bu gün Belqrada gedərək, tibbi baxışdan keçəcək, sonra tərəflər arasında müqavilə imzalanacaq.


Digər xəbərlər

Xəbər xətti