"Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik” - Joze Alesio da Silva

17:13 7 İyul 2022

Azərbaycan futzal millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün əsas seçmə mərhələsinin püşkünü dəyərləndirib. 

6-cı qrupda Yunanıstan və Polşaya rəqib olan yığmanın çalışdırıcısı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu haqda danışıb.  O, Avropa çempionatının son seçmə mərhələsində Yunanıstanla iki dəfə üz-üzə gəldiklərini xatırladıb: 

“Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb. Yunanıstan millisi ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəldik, Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanmışdıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqda məlumatlıyıq. Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubunu çalışdırır, hansı ki, bu komanda millinin özəyini təşkil edir. Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik”.

Qeyd edək ki, seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq.


Xəbər xətti