“Qarabağ” Avropada bizim qürurumuzdu” - MÜSAHİBƏ

12:48 17 Avqust 2022

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun müsahibəsi  

- "Turan Tovuz" iki turdan sonra üç xala sahibdi. Son turda "Səbail"ə səfərdə qalib gəldiniz. İki turdan sonra komandanın göstərdiyi nəticədən və oyundan razısız?
Yeni komandayıq, hər xal bizim üçün vacibdi. Yeni oyunçularımız var, tam komplektləşməmişik. İlk oyunda da bəzi oyunçularımız da oynamırdı. "Qəbələ" də bu gün çempionatın ən yaxşı komandalarındandı. Amma hər iki oyunda mübarizə var idi və futbolçularımın mübarizəsi məni qane edirdi. İnanıram ki, bundan da daha yaxşı olacağıq. Əlbəttə ki, xal qazanmaq komandaya daha da inam verir. Doqquz ildən sonra Premyer Liqaya qayıdıb səfərdə “Səbail”i məğlub etmək sevindirici haldı. Amma işimiz bitmir, sona qədər mübarizə gedəcək. Futbolçularımın iki turdakı yanaşması məni qane etdi. 

- Legioner transferləri davam edəcək? 

- Biz komandanı öncə yerlilərlə gücləndirdik. Ondan sonra çatışmayan mövqelərə legionerlər transfer etdik. Bundan sonra iki transfer fikirləşirik. Rəqabətin olması vacibdi. Bu, futbolçuların inkişaf etməsinə də kömək olacaq. Unutmayaq ki, bu mövsüm çempionatda 10 komanda var və oyun sayı çoxdu. Elə aylar olacaq ki, 3-4 gündən bir oyunlara çıxacağıq. Ona görə də heyətimizin geniş olması vacibdi. Amma büdcəmizə uyğun transferlər edirik. Çalışacağıq ki, iki transferi də edək və ondan sonra çempionata tam köklənək.

- Növbəti oyununuz "Qarabağ"a qarşı olmalıydı. Lakin onlar oyunun təxirə salınması üçün sizə müraciət ediblər və siz razılaşmısız...

- “Qarabağ”ın gücü hər kəsə bəllidi. Amma onlar bu cür təklif gələndə, çox düşünmədən qəbul etdik. Çünki onlar Avropada bizim qürurumuzdu, Azərbaycanı təmsil edirlər. Bir neçə klubumuzun avrokuboklarda olması, reytinqə görə “Qarabağ”a borcluyuq. Bu klub Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər. Uzaq yol gəldikdən sonra iki yerə bölünmək yəqin ki, onlara çətin olardı. Təklifi qəbul etdik, hər şey normaldı. Məncə, hər kəs bunu edərdi. Hansı günə, hansı vaxta boşluq olsa, o vaxtı da oynayacağıq.

- Komandanız ikinci turda qalib gələrək özünəinamı artırıb. Üçüncü turda "Qarabağ"a qarşı oynamaq yaxşı idi, yoxsa necə?

- Çempionat elədir ki, hər kəs “Qarabağ”la da, “Neftçi” ilə də oynamalıdı. Çempionatın əvvəlidi və bizə oyun lazımdı. Çünki oyundan-oyuna formaya düşəcəyik. Amma burada hansısa böyük problem olmayacaq. 5-6 gündən sonra Sumqayıt səfərinə yollanacağıq. Yeni qoşulan futbolçular var və onlar da fiziki problemlərini tam həll edir, digər oyuna hazırlaşacağıq.

- Klubdakı maliyyə məsələləsi nə yerdədi? Necə düşünürsünüz, mövsümün gedişində maliyyə problemi yaşamayacaqsınız?
Klublara dövlət tərəfindən vəsait ayrıldı və biz də bu yöndə işimizi görmüşük. Həmin büdcəyə uyğun plan tutmuşuq və bu yöndə də işimiz gedir. İnanmıram ki, ortaya hansısa problem çıxsın. Çünki bu gün dövlət tərəfindən futbolun inkişafı üçün hər bir şərait yaradılır. Tovuzda baza, akademiya tikilib, meydan örtüyü dəyişdirilib. İcra Hakimiyyəti bu çətin vaxtda kluba dəstək oldu, Gürcüstana toplanışa yollandıq. Büdcə klubların hesabına keçirildikdən sonra maliyyə sarıdan heç bir problem olmaz. Doğrudu, böyük maliyyə deyil. Amma işimizi ona uyğun qurmuşuq və inanıram ki, heç bir problem çıxmayacaq.

- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə qarşılaşacaq. "Lex", "Sürix", "Ferentsvaroş"u turnirdən kənarlaşdıran "Qarabağ" sizcə, Plzen klubunu da dayandıracaq?

- Adını sadaladığınız komandaları keçməyin özü böyük uğurdu. Çünki onlar hamısı ölkəsinin çempionudu. Əgər Macarıstan, Polşa və İsveçrə çempionu keçilirsə, bu, “Qarabağ”ın inkişafından xəbər verir. “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var. Komanda olaraq çox yüksək inkişaf ediblər. “Qarabağ” çempionatımızda tam başqa yerdədi. “Viktoriya” da pley-off mərhələsinə gəlib. Deyək ki, “Qarabağ” oyunları rahatlıqla keçəcək, bu, düzgün olmaz. Çünki çətin olacaq. Amma mən də ümidliyəm. Çünki “Qarabağ”ın ötən mövsüm Konfrans Liqasında göstərdiyi oyun, onların bu il Çempionlar Liqasında uğurlu ola biləcəyinin siqnalı idi. “Qarabağ”a uğurlar arzulayıram. Onların yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşməsi Azərbaycan futboluna, komandalara təkan verəcək. (sportal.az)


Digər xəbərlər

Xəbər xətti