“Belə məğlubiyyət utancvericidir” - "Neftçi"nin baş məşqçisi

00:14 21 Avqust 2022

“Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Rumıniyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Ürəksiz, həvəssiz oynadıq. Meydanda heç nə yox idi. Bu matçı çox yaxşı analiz edəcəyik. Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. Daha yaxşı oynamalıyıq. Çünki komandada keyfiyyətli futbolçular çoxdur. Bunu daha əvvəl də görmüşük. Hər oyuna 100 faiz hazır olmalıyıq. Belə oynayırsansa, şansın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Hesabda öndə idik. Matçın sonlarındakı epizodlar baş verməli deyildi. İrəliyə baxmalıyıq. Sabahdan təhlil etməyə və üzərimizdə çox işləməyə başlayacağıq".
 
47 yaşlı mütəxəssis rəqib həmkarı Murad Musayevə taktikada uduzmadığını bildirib: "Bu gün planda daha çox topa sahib olmaq nəzərdə tutulmuşdu. Oyun üslubumuz belədir. Mərkəz yarımmüdafiəçilərimiz çox güclüdür. Daha yaxşı oynamalıydıq. Amma topu özümüzdə çox saxlayırdıq. Hərəkət etməliydik. Meydanın mərkəzində mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik. Verdiyimiz qərarlar ləng idi. Oyuna ciddi yanaşmamışdıq. Bakıda Avstriya "Rapid"inə qarşı matçı müqayisə etsək, fərq çox idi".
 
Onun sözlərinə görə, dəyişiklik etmək asan deyil: "Üstünlük bizim tərəfimizdə idi. Orta xətt oyunçuları yaxşı görünürdü. Amma penalti epizodunda asanlıqla səhvə yol verdik. Orada penalti olmamalı idi. Kimisə xüsusi qeyd etmək istəmirəm. Ailə kimi düşünməliyik. Komandada gənc və təcrübəli futbolçular var. İkinci hissədə təyin edilən ilk penalti zamanı Mert Çelik rəqibin üstünə o formada getməli deyildi. Gənc futbolçudur, daha çox təcrübə toplamalıdır. Sonuncu penalti haqqında çox danışmaq istəmirəm. Qələbə topunu vurmaq üçün irəliyə atıldıq. Nəticədə rəqibə boşluq verdik".
 
Rumıniyalı baş məşqçi belə oyunla qalib gəlməyin çətin olacağını söyləyib: "Futbolçular başa düşməlidirlər ki, bizə qarşı hər oyun belə gərgin olacaq. Hamı mübarizə aparacaq, qaçacaq. İlk hissədə ələ düşən imkanlardan yararlana bilmiriksə, qalib gəlmək asan deyil. Bizim üçün bu cür məğlubiyyət utancvericidir. Bütün tənqidləri qəbul etməliyik".
 
Regekampf "Neftçi"yə futbolçuların arxasında gizlənməyə gəlmədiyini vurğulayıb: "Bütün məsuliyyət mənə aiddir. Siz hər şey deyə bilərsiniz, haqqınız var. Amma mən cəmi 1 sual vermək istəyirəm: "Aris" və "Rapid"ə qarşı oyunlarımızı bəyənmişdiniz? Bu gün də hücumameylli oynamaq istədik. Yeni futbolçularımız var. Mənə elə gəlir ki, onlar digər yerli klubları ciddiyə almamışdılar. Bundan sonra başa düşəcəklər ki, meydanda bütün gücünü ortaya qoymursansa, çətin olacaq. Onlara tapşırmışdım ki, ciddi oynasınlar, rəqibə hörmətlə yanaşsınlar və ələ düşən fürsətləri qola çevirsinlər. Uduzmuşuq, sevinmirəm. Amma bunlar bizim üçün dərs olmalıdır. Hər oyuna ciddi yanaşmalıyıq. Keçmişlə yaşaya bilmərik. Məqsədimiz çempion olmaqdır. Əvvəldən qarşıya bu məqsəd qoyulub. Amma bu, danışmaqla qazanılası bir şey deyil. Meydanda mübarizə aparmaq lazımdır. Hər zaman oyunçularımı müdafiə edəcəyəm. Bilirəm ki, çoxlu söz-söhbət olacaq. Amma günahkar mən və oyunçularımdır. Ciddi oynasaydıq, uduzmayacaqdıq". 


Digər xəbərlər

Xəbər xətti