Murad Musayev: "Çempionluq haqqında düşünmürük"

00:25 21 Avqust 2022

“Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Rusiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Parlaq, heç kimin bir-birinə güzəştə getmədiyi oyun izlədik. Meydanda əsl kişi mübarizəsi getdi. "Neftçi" ilə oyunlarımız hər zaman gərgin keçir. Qələbəyə inanırdıq. Bu oyun bizim üçün mental cəhətdən də önəmlidi idi. Çünki əvvəl bu rəqibə qarşı yaxşı oynasaq da, qalib gələ bilməmişdik.
 
90 dəqiqə yaxşı mübarizə apardıq. Taktika 2-ci planda idi. Mənə görə, sonadək vuruşmağımız bizə qələbə qazandırdı. Oyuna hazırlıq təkcə 4-5 məşqdən, paltardəyişmə otağında verilən təlimatlardan asılı deyil. İlk hissədən sonra uşaqlara sakit olmağı tapşırdım. Məhz bunun sayəsində üstünlük əldə etdik. Futbolda proqnoz vermək çətindir. Bundan əvvəl 3 dəfə "Neftçi"yə qarşı yaxşı oynamışdıq, amma qalib gələ bilməmişdik.
 
Biz çempionluq haqqında düşünmürük. Qarşıdakı oyuna hazırlığı fikirləşirik. Turnir cədvəli yoxdur. Hələ mövsümün əvvəlidir”.
 
O, 3 penaltini fərqli oyunçuların yerinə yetirməsinin səbəbini belə izah edib: “Əsas penalti vuran Kristian Sebalyosdur. İkincini Aleksey İsayev vurdu. Üçüncünü yeni transferimiz vurdu. Əslində o yerinə yetirməli deyildi. Sadəcə, çox istədiyi üçün ona şans verdik”.
 
Mütəxəssis "Neftçi"nin əks hücumlarda sürətli oynadığını qeyd edib: "Bu, rəqibin ən yaxşı silahıdır. Biz də meydanda bunun qarşısını almağa çalışırdıq".
 
O, geridə qalan 3 turda bütün matçların çətin keçdiyini bildirib: "Məşqçiləri yerli və ya əcnəbi deyə fərqləndirməzdim. "Neftçi"yə qarşı oyun çox çətin alındı. Yalnız son 15 dəqiqədə matçın axarını dəyişə bildik".
 
Musayev "Qarabağ"ın Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa da toxunub: "Rəqib çox narahat komandadır. Topu verəndən sonra sərt oynayırlar. Fikrimcə, evdə də burdakı kimi oynayacaqlar. "Qarabağ"a soyuqqanlı oynamağı məsləhət görərdim. Şansları olacaq. Ümid edirəm ki, qrupa düşəcəklər. Qapanan rəqiblərə qarşı oynamaq çox çətindir. İnanıram ki, Ağdam klubu açarı tapa biləcək". 


Digər xəbərlər

Xəbər xətti