"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Toral Bayramovun adının "Qalatasaray"la hallanmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Çexiyaya yollanmamışdan öncə jurnalistlərə açıqlamasında Bayramova görə təklif almadıqlarını deyib:
"Bizdə belə məlumat yoxdur. Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir. Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verib. Gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar".
Türkiyə mətbuatının iddiasına görə "Qalatasaray", "Kayserispor" və "Eyüpspor" Toralı transfer etmək istəyir.