"Futbolçularımdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Futbolçular çox əziyyət çəkdilər. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci hissədə rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
"Futbolçulardan göz yaşı axıtmayanı görmədim. Çox üzülmüşdülər. Çalışdım ki, dəstək olum. Nə qədər danışsam da, bunu heç vaxt unutmayacaqlar. Mən onların yanındayam, onlarla dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır" - deyə o bildirib.
Mütəxəssis Avropa Liqasını Çempionlar Liqasından ayırmadığını vurğulayıb: "Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik".
Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.