Azərbaycan cüdoçusu Fidan Qasımova bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında start götürən dünya çempionatından kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
52 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılan Qasımovanın PCR testi pozitiv çıxıb. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası (IJF) müvafiq qərarı qəbul edib.
IJF-nin tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın birinci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.
İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Herseqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.