"Oyunda qol vəziyyətləri çox olmasa da, maraqlı oyun getdi. "Neftçi" irəli atıldı, biz də bundan yararlanıb qol vurmağa çalışdıq. Ancaq bizim əvəzimizə "Neftçi" fərqləndi. Ümumiyyətlə, bu mövsüm bizim üzərimizə gələn bütün zərbələr qolla nəticələnir. "Sabah"la, "Makkabi" ilə matçlarda da belə olmuşdu".
Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Oyun baxımından biz heç kimdən geri qalmırıq. Bəlkə də ən çox yerli futbolçu ilə meydana çıxan mən olmuşam. Ümumiyyətlə, ambisiyalı idmançıları sevirəm. Əgər o, qarşısına məqsəd qoymursa, o zaman bunu düşünməlidir. Təmkin Xəlilzadə və İlkin Muradov ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılacaq. Onların yaxın müddətdə komandaya qaytarılması gözlənilmir. Ola bilsin ki, gələcəkdə onlarla hansısa əməkdaşlığım olsun. Ancaq indiki durumda onların "Zirə"yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz" - deyə o bildirib.
Rəşad Sadıqov 3-cü turun "Sumqayıt"la oyununda baş verənlərə görə, İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib: "Mən bu xəbərdarlıqdan bu gün matç vaxtı xəbər tutdum. Əslində mənim orada hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, mən elə bildim ki, epizoda baxılmayacaq. Məndən başqa da orada etiraz edənlər vardı. Bir tək Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram".
O, komandanın futbolçusu Cəlal Hüseynovun xəyalı "Benfika" olsa da, "Şamaxı"ya icarəyə verilməsi və bu enişin səbəbi haqda deyib: "Kayserispor"da oynayan vaxtlarım idi. Noyabr ayında səfərdə "Beşiktaş"a qarşı çox yaxşı oyun keçirmişdim. Hətta bəzi böyük klubların maraq dairəsinə düşmüşdüm. Amma 3 ay sonra Qusarda qarlı havada, palçıqlı meydanda oyun var idi, mən orada iştirak edirdim. Bu həyatdır. Ondan sonra mən zədələndim, formamı, əsas heyətdə yerimi itirdim. Məsləhət oldu, 4-5 aylıq "Neftçi"yə qayıtdım. Həyat belədir. Bəlkə də dekabr ayında hansısa kluba transfer olacaqdım. Amma zədələndim və başqa şeylər baş verdi. Belə şeyləri normal qarşılaşmaq lazımdır. Ola bilər ki, Cəlal bir il əvvəl "Benfika"ya transfer ola bilərdi. Amm abu gün komandada rəqabət var. Sadəcə olaraq daha çox oynamaq istədi. Özü ilə da danışdıq. Nəzərə aldıqda ki, millinin son oyunlarında əsas heyətdə oynayıb, belə qərara gəldik. Amma bu, o demək deyil ki, Cəlal futbolçu kimi gözümdən düşüb. Elə bir şey yoxdur".