"Qarabağ" tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının V turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi startdakı qələbə seriyasını 4-ə çatdırıb. “Qarabağ” bunadək dörd dəfə belə uğurlu başlanğıca nail olub.
2003/04, 2013/14, 2017/18 və 2019/20 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb. “5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar dörd dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/95, 1996/97 və 2000/01 mövsümlərinə belə başlayıb.