“Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq” - AÇIQLAMA

11:48 7 Sentyabr 2022

“Mənim üçün çətindir, çünki fərqli ölkəyə gəlmişəm, yeni mədəniyyət, mentalitetlə tanış oluram. Eyni zamanda komandamız da yenidən qurulub".

Bu sözləri "Araz-Naxçıvan"ın yeni futzalçısı Vitao Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqamasında deyib. Braziliyalı hücumçu həm komandasının hazırlığını, həm də qrupdakı rəqibləri dəyərləndirib:

"Bildiyim qədəri ilə ötən il çempion olan heyətdən 4-5 futzalçı qalıb, qalan oyunçularımız heyətə yeni cəlb edilib. Belə olan təqdirdə, adaptasiya olmaq çətinləşir. Ancaq hər birimiz peşəkar futzalçıyıq, ilk dəfə deyil ölkə xaricində çıxış edirik. Mən uzun müddət “Kayrat”da oynamışam, Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayırıq, məsuliyyətimizi hiss edirik. Hazırlığa gəldikdə, avqustda 10 günlük təlim-məşq toplanışımız oldu. Əla şərait yaradıldı. Komanda oteldə məskunlaşdı, hər gün iki məşq keçdik. Daha sonra gün ərzində bir, bəzən isə iki dəfə məşq edirik. Məşq prosesi çox intensiv keçir, baş məşqçi Alesio taktiki planda nələr etməli olduğumuzu anladır. Əlbəttə, hər birimiz üçün onun dedikləri yenidir. Çünki hər baş məşqçinin özünəməxsus taktiki tapşırıqları olur. Gördüklərimə əsasən deyə bilərəm ki, komandaya işlər yaxşı qurulub".

Hazırda "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas raunduna hazırlaşır. Bosniya və Herseqovinanın Mostar şəhərində keçiriləcək oyunlarda rəqiblər şəhərin eyniadlı komandası ilə yanaşı, Serbiyanın “Loznika Qrad” və İsveçin “Orebro” komandaları olacaq. Vitao rəqiblər haqqına bunları deyib: "Rəqiblərimizə gəldikdə, qarşımıza konkret tapşırıq qoyulub – elit-raunda yüksəlmək. Bilirik ki, qrupdakı rəqiblərimiz də bizim kimi iddialıdır. Onlar da mərhələ adlamaq istəyindədirlər. Amma cəmi bir komanda mübarizəni davam etdirmək hüququ qazanacaq. İndi Avropada asan milli, klub yoxdur. Xüsusilə də klub yarışında çox inkişaf var. Hər kəs heyətini gücləndirib. Ancaq “Araz-Naxçıvan” da Avropanın sayılıb-seçilən, güclü klublarından biridir. Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq, yenidən ən yüksək pillələrdə qərarlaşaq”.

Qeyd edək ki, əsas raundun oyunları 25 - 30 oktyabrda olacaq. 


Xəbər xətti