“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Frayburq”a (Almaniya) qarşı keçirdikləri səfər oyununu şərh edib. O, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Buraxılan iki qoldan sonra futbolçularımız toparlandılar. Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm”.
Baş məşqçi mübahisəli penalti epizodundan da danışıb: “Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyəcək bir söz yoxdur. İnanırıq ki, qarşıda daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik".