“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. O, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Birinci hissədə düşündüyümüzü yerinə yetirməyə çalışırdıq. İkinci yarıda konsentrasiyanın aşağı düşməsi ilə rəqib qollar vurdu. Amma ümumi götürəndə oyundan razıyam. İnanıram ki, getdikcə daha balanslaşmış komanda görəcəyik.
Çempionatda hər rəqiblə oyuna xüsusi hazırlaşmaq lazımdır. Güclü və ya zəif anlayışı fərqi yoxdur. İlk yarıda üstünlük daha çox bizdə idi, daha motivasiyalı idik. 46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiyanın düşməsi ilə bağlıdır. Komanda ani səhvdən qol buraxır, toparlanmağa çalışır və ikinci dəfə topu qapısında görür. Kondisiya baxımından problem yoxdur, 90 dəqiqə hücumda ola bilirik. Xırda nüansları aradan qaldıracaq və daha yaxşı komanda görəcəyik”.