PFL prezidenti Tovuz, Gəncə və Qəbələdə səfərdə olub

17:47 12 Sentyabr 2022

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Tovuz və Gəncə şəhərlərinə səfər edib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, burada şəhərləri təmsil edən, uyğun olaraq “Turan Tovuz” və “Kəpəz” klublarının rəhbərliyi ilə görüşlər keçirilib. “Turan Tovuz” klubunun bazası ilə tanış olan PFL rəhbərinə gələcək planlar barədə məlumat verilib.

Ardından Elxan Səmədov Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçını izləyib. Daha sonra Gəncəyə səfər edilib. Gəncə şəhər stadionunda “Kəpəz” klubunun idarə heyəti ilə görüş keçirilib. PFL prezidentinə stadionun ərazisində görülən işlərlə bağlı məlumat verilib. Elxan Səmədov inşası davam edən Gəncə Futbol Akademiyası, eləcə də müasir standartlara uyğun iki təbii örtüklü meydançanın salınması yönündə aparılan işlərin gedişatı ilə maraqlanıb.

Həmçinin əsas meydana bir daha baxış keçirilib. Komandanın yenidən ev oyunlarını burada keçirməsinin perspektivləri müzakirə edilib. Son olaraq Qəbələyə səfər edən Elxan Səmədov burada Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” qarşılaşmasını izləyib. Qeyd edək ki, səfər zamanı PFL prezidentini vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib. 


Digər xəbərlər

Xəbər xətti