"Yuventus"dan üç nəfər diskvalifikasiya edilib.
Sportarena.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, A seriyasının İntizam Komitəsi 6-cı turun "Salernitana" ilə (2:2) görüşündəki əlbəyaxa davaya görə "Yuventus"un baş məşqçisi Massimiliano Alleqrini bir oyunluq cəzalandırıb. Arkadiuş Milik və Xuan Kuadrado da bir oyun Turin klubuna kömək edə bilməyəcək."Salernitana"nın təcrübəli müdafiəçisi Federiko Fazioya da bir oyunluq cəza verilib.
Xatırladaq ki, matçın sonunda baş hakim Milikin qolunu Leonardo Bonuççinin oyundankənar vəziyyətdə olmasına görə ləğv etmişdi və bu, kütləvi davaya səbəb olmuş, nəticədə Xuan Kuadrado, Federiko Fazio və Massimiliano Alleqri meydandan qovulmuşdu.