“Heç də danışmaq, fikir bildirmək asan deyil. Hamınız bilirsiz ki, şəhidimiz çoxdur. Şəhidlərimizə Allah rəhmət eləsin. Əfsuslar olsun ki, gənclərimiz canlarından keçiblər. Gələnə qədər xəbərləri oxuyurdum elə”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılaşacaqları Fransanın “Nant” klubu ilə oyunöncəsi mətbuat konfransında jurnalistlər önündə çıxış edib: “Oyun barədə çox şey demək istəmirəm. Suallarınız olsa, cavab verərəm”.
- Sizcə, “Nant”a qarşı hansı mövqelərdə diqqətli olmalısız? Güclü tərəfləri hansıdır?
- Qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Aqressiv oynayırlar. Fərdi qaydada ustalığı yüksək olan oyunçuları var. Çox komplektləşmiş komandadır. Bu komandaya qarşı biz ancaq yaxşı futbol oynamalıyıq. Onlardan çəkinməməliyik. Çox hücum etməyi xoşlayan komandadır. Bunu nəzərə alaraq mütləq qaydada rəqibin üzərinə getməliyik, çox aktiv olmalıyıq. Bu rəqibə qarşı qapansaq, bundan istifadə edərlər. Bəzi risklərə getməliyik.
- Sabah oyunöncəsi şəhidləri bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmisiz?
- Bəli, bildirilib. Klub tərəfindən müraciət edilib. Nə cavab gələcək, bunu sabah biləcəyik.
- “Sabah”la ağır matçdan sonra son durum necədir?
- “Sabah”la oyundan sonra kimlərin zədəli olduğunu demişdim. Maksim, Rahil, Medina zədəli idi. Bədavinin durumu tam dəqiq deyildi. Ümumi durum pis deyil. Oyuna hazır olmaq ehtimalı çoxdur. Dünən komanda ilə məşq etdi. Amma ehtiyatla, tam maksimum məşq etmirdi. Bu gün tam komanda ilə məşq etməlidir. Ümumi durumuna baxacağıq. Oynamaq ehtimalı çoxdur. Amma tam əmin olmalıyıq ki, qərar verək. Qalanları da bildiklərinizdir.
- Şəhid məqamı “Qarabağ”ın işini daha da çətinləşdirəcək? Belə vəziyyətdə futbol ikinci plana keçir...
- İnanın ki, mən burada olandan bu gərginlik, məsuliyyət həmişə var. Çünki, biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdikləri barədə məlumat veririk. Onların yadına salınır bu barədə. Legionerlərə də bu barədə məlumat verilir. Bu məsələ son vaxtlar daha da gərginləşib. 3-4 ildə dəfələrlə yaşanıb bu hallar. Şükürlər olsun ki, torpaqlarımız geri qaytarılıb. Hər dəfə nə qədər torpaqlarımız qaytarılıb desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhid ailələrimiz barəsində oxuyuram. 2-3 yaşında övladı olan var, atasız qalıblar... Çox ağırdır. Bu, bizim işimizdir. İşimiz nə qədər ağır olsa da, çalışacağıq ki, komandanı oyuna tam düzgün hazırlayaq. Asan olmayacaq. Sabaha qədər vaxtımız var, danışacağıq futbolçularla.
- “Nant”ın 9 oyunda cəmi 2 qələbəsi var. Görünən odur ki, hücumda yaxşı olsalar da, müdafiədə problemləri var...
- Komanda ilə rəqibin oyununu analiz edəndə statistikanı bildirdim. Dedim ki, onlar bu cür oyunla daha artığına layiqdirlər. Keçən il də boşuna Fransa Kubokunu əldə etməyiblər. Ola bilər ki, mövsümün əvvəlində hansısa çatışmazlıqları var. İnanın ki, bu, özünü sığortalamaq deyil. Sadəcə olaraq, “Nant”ın çox yaxşı müdafiə, orta xətti və hücum xətti var. Təcrübəli oyunçuları, soyuqqanlı futbolçuları var. Meydanda nə etmək lazım olduğunu yaxşı başa düşürlər. Müdafiədəki problemlərinə gəlincə, çox da bunu şişirtmək istəmirəm. Çünki bütün komandalarda hansısa zəif nöqtə olur. Sadəcə olaraq, ola bilər hansısa oyunlarda bəzən yorğunluq olur. Bunları da yaxşı başa düşürəm. Biz də 3-4 gündən bir oyuna ikinci heyəti buraxırıq. Amma böyük liqalarda bu, bağışlanmır. Çünki o cür liqalarda komandaların potensialı yüksəkdir. “Nant” yaxşı komandadır.
- Sizin üçün “Nant”ın ən önəmli oyunçusu kimdir?
- Hamısını sayardım. Amma Blas daha yaxşı oyunçudur.