"Sabah"dan yeni sponsorluq müqaviləsi

16:47 14 Sentyabr 2022

Bu gün italyan restoranlar şəbəkəsi olan "Scalini" və "Sabah" arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləni "Scalini"nin Azərbaycan filialının təsisçisi Elio Bevilakkua və "Sabah"ın icraçı direktoru Ramin Həsənov imzalayıb.

Müqaviləyə əsasən, “Scalini” restoranlar şəbəkəsi “Sabah” Futbol Klubunun Misli Premyer Liqasının 2022-23-cü illər mövsümü üzrə qida sponsoru olub. “Scalini” sözügedən mövsüm ərzində “Sabah” Futbol Klubunun əsas komandasını qida məmulatları ilə təmin edəcək. “Sabah” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da, klubun məşq forması və sosial media hesablarında restoranlar şəbəkəsinin loqosu yerləşdiriləcək.

Tədbir zamanı “Sabah” Futbol Klubunun icraçı direktoru Ramin Həsənov sponsorların Azərbaycan futbolunun inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib:

“Bu gün sponsorlarımızın arasına daha biri əlavə olunur. Öz sahəsinin ən tanınmış markalarından olan, uzun illərdi ölkəmizdə fəaliyyət göstərən “Scalini” artıq bizim tərəfdaşlarımızdan biri olacaq. Azərbaycan futbolunda yeni sponsorlar görmək həmişə xoşdur. İnanıram ki, bu əməkdaşlıq həm bizim, həm də “Scalini” üçün uğurlu olacaq”.

“Scalini”nin Azərbaycan filialının təsisçisi Elio Bevilakkua “Sabah”la tərəfdaşlıqdan məmnun olduqlarını bildirib:

​“Sabah” Futbol Klubu gənc klub olmasına baxmayaraq, futbolun inkişafı istiqamətində mühüm işlər görür. Xüsusən də, ötən mövsümün sonlarından etibarən əsas komandanın sərgilədiyi oyun olduqca baxımlıdır. İnanıram ki, tezliklə “Sabah”ın daha böyük uğurlarının şahidi olacağıq.” 


Digər xəbərlər

Xəbər xətti