Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Nant” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur:
“UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" saat 20:45-də Fransanın "Nant" klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
Bildiyiniz kimi, stadion ictimai nəqliyyat üçün əlverişli yerdədir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”.