"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
O, deyib: "Bu çətin günlərdə bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Çətin rəqibə qarşı oynayırdıq. Oyundan əvvəl bizə desəydilər ki, 3:0 hesablı qələbə qazanacağıq, inanmazdıq. Bu hesabı gözləmirdim, amma komanda olaraq möhtəşəm oynadıq. Məşqçilər, oyunçular, azarkeşlər komplekt çıxış edirdik. Sanki bir-birimizi dəstəkləyirdik. Fikrimiz bir olanda yaxşı nəticə əldə edə bilirik. Fransanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Ön xəttdə təhlükəli oyunçuları var idi. Hər şey biz istədiyimiz kimi oldu".
Q.Qarayev bildirib ki, bu, karyerasının ən çətin oyunlarından biri idi: "Bir qarabağlı olaraq belə bir dönəmdə oyunlara hazırlaşmaq mənim üçün xüsusilə çətin idi. İstər ailəm, istərsə də komanda yoldaşlarım mənə motivasiya verə bildilər. Qazandığımız uğur ən birinci əsgərlərimizə, daha sonra azarkeşlərimizə həsr olunur. Nə qədər qələbə qazansaq da, bu qələbə əsgərlərimizin qələbəsinə çata bilməz. Qələbəmizin əsgərlərin qazandığı qələbənin yanında kiçik, dəyərsiz olduğunu hesab edirəm. Bütün əsgərlərimizə salam göndərirəm. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ailələrinə səbr arzulayıram. Komandamızda hər kəs bu duyğuları hiss edir. Mənim üçün bu, "Legiya" ilə matçdan sonra olan xüsusi görüş idi. Belə çətin vəziyyətdə axırıncı dəfə həmin oyunda olmuşam. Ümid edirəm ki, belə vəziyyəti bir daha görmərik. Azarkeşlərimizə təşəkkür edirəm. Sadəcə möhtəşəm idilər. Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır. Qarşıdakı oyunlarda hər kəsə xırda bir sevinc bəxş etmək üçün qələbə qazanmağa çalışacağıq".