Futzal üzrə milli komandamız yoldaşlıq oyununda Qazaxıstana 3:5 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, matçdan sonra yığmamızın baş məşqçisi Joze Alesio Da Silva federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə gücümüz çatmadı. Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədə var. Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu”.