Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

23:22 3 Oktyabr 2022

"Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik".

Bunu Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev İctimai TV-də yayımlanan "Bol idman" verilişində yığmanın baş məşqçisi Canni De Byazi ilə aralarındakı gərginlik barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi bildirib ki, italiyalı mütəxəssis həftəboyu bir taktika ilə işləyib, oyuna 1-2 gün qalmış sistemi dəyişir: "Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu".

66 yaşlı baş məşqçinin Qara Qarayevi yığmaya dəvət etməməsinə də toxunan Medvedevin sözlərinə görə, hər kəsin öz həqiqəti var: "Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?"

Təcrübəli futbolçu milli komandanın sükanı arxasına öz namizədini də açıqlayıb: "Ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq".


Digər xəbərlər

Xəbər xətti