“Rəqibin hər bir futbolçusunun potensialını bilirik” – Qurban Qurbanov

18:15 5 Oktyabr 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bütün futbolçular oyuna hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Onun durumuna həkimlərin müayinəsindən sonra tam aydınlıq gələcək.
 
Rəqib komandada yeni baş məşqçi var. Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız".
 
Qurbanov yer aldıqları qrupda mübarizənin sonadək davam edəcəyini vurğulayıb: “Bəzən digər rəqiblərdən üstün olmuşuq, amma sonda qrupda qalmışıq. Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər üç komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq”.
 
O, “Olimpiakos"dan hansısa futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var. Rəqibin bəzi aparıcı futbolçularının sabahkı oyunda iştirak edə bilməməsinin bizim üçün üstünlük olduğunu deməzdim. Çünki futbolçular arasında fərq böyük deyil. Mənim üçün önəmli olan öz komandamın matça hansı səviyyədə hazır olmasıdır”. 


Digər xəbərlər

Xəbər xətti