“Komandamı təbrik edirəm, vacib 3 xal qazandıq". Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos” üzərində səfərdə qazanılan 3:0 hesablı qələbə barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında zəfəri dəyərləndirib: “Möhtəşəm stadionda, möhtəşəm azarkeşlərə qarşı oynamaq bizim üçün xoş idi. Bu qalibiyyət hələ heç nə demək deyil. Qarşıda bizi hələ 3 oyun gözləyir. Bu, 9 xal deməkdir. Az vaxtımız var. Bu görüşdəki səhvləri Bakıdakı matçda təkrarlamamağa çalışacağıq. Çünki "Olimpiakos" səhvləri bağışlayan komanda deyil".
- "Olimpiakos" mənfi mənada sizi nə ilə təəccübləndirdi?
- Bu komanda haqda mənfi heç bir düşüncəm yoxdur. Təxmini gözləyirdik ki, 5-li müdafiə oynaya bilər. Heyəti görəndə dedim ki, 4-lü müdafiə oynayacaq. Amma meydana çıxanda gördüm ki, 5-li müdafiədə çıxış edirlər. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" barədə ancaq müsbət düşüncələrim var. Onlar daha da artırmağa layiqdir və potensialı böyükdür.
- 3-cü qoldan sonra futbolçularınız "Olimpiakos"un tribunalarına tərəf yaxınlaşdı və əl hərəkətləri etdi. Bu, hansısa iğtişaşa səbəb ola bilərdi...
- Elə ölkədə yaşayırıq ki, iğtişaş haqda, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. "Qarabağ" klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə düzgün əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqda xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir.
- İbrahima Vadjinin "Sent-Etyenn"ə transferindən sonra hamı sizin hücumçuya ehtiyac duyduğunuzu deyirdi. Ancaq Ovusu Kvabena artıq bu boşluğu uğurla doldurur. Bu onu deməyə əsas verirmi ki, bu mövsüm üçün yeni hücumçu axtarışını dayandıracaqsınız?
- İlboyu hər mövqeyə oyunçu axtarışında oluruq. Hətta ən yaxşı oyunçularımızın mövqeyinə də axtarırıq. Çünki gələcəyi daha çox düşünürük. İlk növbədə futbolçularımızın performanslarını daha da yaxşılaşdırmaq istəyirik. Bəzən elə futbolçu olur ki, "yox" deyə bilmirsən. Ovusu yaxşı çıxışını davam etdirsə belə, qış fasiləsində istədiyimiz hücumçunu tapa bilsək, mütləq transfer edəcəyik. Vadjinin gedişinə sevinirəm. Transfer bazarında iştirak etmək Azərbaycan futboluna marağı artırır. Sabah daha yaxşı futbolçumuzu istəyə bilərlər və digər oyunçularla yolumuza davam edə bilərik.